07.12.2017, 09:26 - Baxış sayı: 1084

MUGAM MUSİQİNİN FƏLSƏFƏSİ KONTEKSTİNDƏ


Adil Əsədov,
fəlsəfə üzrə elmlər doktoru

Məqalə çap edildiyi mənbə: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Humatitar elmlər. 2017, № 1. s. 223-226.

МУГАМ В КОНТЕКСТЕ ФИЛОСОФИИ МУЗЫКИ


Автор предпринимает попытку раскрытия внутреннего смысла мугама исходя из выдвинутой им философской концепции музыки. Он считает что, мугам имитирует переживания, порожденные идеалом, который и с временнóй, и с пространственной точки зрения немного далек от реальности, но вдохновляет ее подняться до идеала.
Автор, опираясь на эту идею, дает свою своеобразную характеристику отдельных видов мугама.



MUGHAM IN THE CONTEXT OF PHILOSOPHY OF MUSIC


The author makes an attempt disclosing inner meaning of mugam proceeding from the philosophical concept of music put forward by him. He considers that, mugam imitates the experiences generated by the ideal which is a little far from a reality, but inspires it to rise up to the ideal.
The author basing on this idea gives the original characteristic of separate kinds mugam.


Musiqi insan həyatında öz əks-sədasını tapmalı olan ürək çırpıntılarının belə bir əks-səda olmadan döyündürülməsidir.
Musiqi insan qəlbində yatan idealın reallaşmadan yaşanmasıdır, gerçəkləşdirilməmiş mahiyyətin gerçəklik illüziyasıdır.
Musiqi incəsənətin bir çox başqa növlərindən fərqli olaraq, təkcə gerçəkləşdirilməmiş idealı qoruyub saxlamır, həm də idealını gerçəkləşdirməmiş insana gerçəkləşdirilmiş idealdan doğmalı olan xoşbəxtlik hissini yaşatdırır.
İlk musiqi, bəlkə də, rəqs zamanı ayaqların yerə döyəclənməsindən, bəlkə də, rəqs edəni ilhamlandırmaq üçün tamaşaçının əl çalmasından yaranmışdır. Rəqsdə öz ifadəsini tapan həyat illüziyası musiqi vasitəsilə ürəklərə salınır və yaşadılır.
Əllərin ritmik hərəkətləri naxışları yaratdığı kimi, bəlkə, ayaqların da ritmik hərəkətləri musiqini yaratmışdır. Əgər naxış mahiyyətindən nizamla qurulmalı olan dünyaya zahirdən verilmiş bir bəzək ola bilirsə, əgər rəqs həqiqi həyatın bədən hərəkətlərində zahiri imitasiyası ola bilirsə, musiqi - həqiqi həyatın ürək döyüntülərində zahiri imitasiyasıdır, ürək döyüntülərinin və bu döyüntüləri müşayiət edən hisslərin, bir qədər kəskin deyilsə, bəzən istismarıdır.
Musiqi xoşbəxtliyin gerçəklikdə deyil, təsəvvürdə və xəyalda yaşanması ilə bağlıdır. Musiqi yaradıcısı nizamla qurulmuş dünyanın insanda yaşatmalı olduğu xoşbəxtlik hissini musiqi dinləyicisində belə bir dünya olmadan da yaşatdırır. Bəstəkar real səsləri bir-birinə elə bir ahənglə bağlayır ki, bu ahəng səsləndirilərkən
insanda hissələri bir-birinə ideal bir nizamla bağlanan dünyanın hissiyyatını yaradır. Elə Azərbaycan dilindəki bəstəkar sözü də bağlı, bağlanmış mənalarını verən fars mənşəli bəstə sözündən törəməmişmi?!
Musiqi yaradıcısını ifadə etmək üçün istifadə olunan latın mənşəli kompozitor sözündə leksik şəkilçini bir tərəfə qoysaq, bu sözün əsasını təşkil edən hissə, compose, məsələn, ingilis dilində tərtib etmək, qurmaq mənalarını verir. Lakin, bəstəkar təkcə səs düzümünün tərtibçisi deyildir, o həm də insani hisslərin tərtibçisi-dir. Compose sözünün başqa bir mənası da vardır. Bu söz həm də təsəlli vermək mənasını verir. İnsana ideal duyumunu yaşatdırmaq – bir növ ona elə təsəlli vermək deməkdir. Bəstəkar, doğrudan da, insana həm də bir təsəlli verəndir. Görünür, elə buna görədir ki, yaxşı musiqini eşidəndə insan, elə bil ki, ağrılarını unudur. Öz xoşbəxtliyini yalnız təsəvvüründə yaşadan kəs isə «öz» musiqisini, qəlbini oxşayan musiqini eşidərkən həyatının ən xoşbəxt çağlarını gözləri önünə gətirir, necə deyərlər, xoş xatirələrə dalmaqla bu çağları, elə bil ki, bir daha yaşayır. Qəlbinə doğma olan musiqini, qəlbini oxşayan musiqini dinləyərkən bu vaxta qədər təsəvvür belə etmədiyi idealı təxəyyülündə canlandıran insan isə xoşbəxtliyi xəyalında yaşadan, şirin xəyallar qucağında rahatlıq tapan kəsdir. Lakin, onu da unutmaq olmaz ki, xatirələrlə yaşayan insan əslində indi ilə deyil, keçmişlə yaşadığından, keçmişdən qaynaqlanan bir həyat sürdüyündən, müəyyən mənada, xəyallarla, və deməli, gələcəklə yaşayan insana bənzəyir, yəni yarımçıq bir həyatı yaşayır. Onların hər ikisi tam həyata – indidən və istəklərdən qaynaqlanan həyata dönməlidirlər. İnsan xoşbəxtliyin əhval-ruhiyyəsini əslində xoşbəxtliyin içərisində olduğu zaman yaşamalıdır.
Lakin, bütün bunlar musiqinin əzəmətini və fövqəladə dəyərini qətiyyən inkar etmir, əksinə, bəlkə də, təsdiq edir. Xoş xatirələrə dalma işini gerçəkləşdirmək üçün həzin musiqi, şirin xəyallara dalma işini gerçəkləşdirmək üçün isə romantik musiqi yaranmışdır. Həzinlik – indi gerçəkliyini itirsə də, bir vaxt möhtəşəmliklə gerçəkləşdirilən, indisə öz mövcudluğunu yalnız ürəyin dərinliklərində və xatirələrdə saxlayan idealın yaşanmasıdır. Romantiklik isə – idealın reallıqdan daha əzəli və da-ha önəmli olduğunu duymadır. Əgər həzin musiqi həyata keçməsə də, yaşayan idealı qoruyub saxlayırsa, romantik musiqi ruhun dərinliklərində uyuyan idealı oyadır, göz önünə gətirir və bununla da onun gerçəkləşdirilməsinə başlanğıc verir. Musiqinin bütün gözəlliyi də, əslində, görünür, elə bundadır – həqiqi insan həyatına başlanğıc verə bilməsindədir.
Səsin ən gözəli musiqini, ən eybəcəri isə küyü xatırladır. Gözəl səs – təmiz və bitkin səsdir. Təmiz səs odur ki, burada heç bir səs artıqlığına, sözün böyük mənasında, xırıltıya yol verilməmişdir. Bitkin səs isə odur ki, burada zəruri olduğu halda tələffüz olunmayan, səsləndirilməyən bir səda yoxdur. Səsin ən gözəlli musiqini xatırladır, - dedim. Lakin bəzən xoşbəxt bir insanın sakit təbəssümünü müşayiət edən səssizlik hər cür musiqidən daha gözəl olur.
Səsin ən eybəcəri isə qəhqəhədir. Təbəssüm qürur hissini, özgələrin uğuruna və xoşbəxtliyinə sevinməni ifadə etdiyi halda, qəhqəhə – əksinə olaraq, kin və kidurət hisslərini, başqalarının uğursuzluğuna və bədbəxtliyinə sevinməni ifadə edir. Qəhqəhə – əksər hallarda ideala bağlılığını itirən insanın idealı ictimai şüurdan silib atma istəyini ifadə edir. Qəhqəhə hönkürtüdən də, fəryaddan da, nalədən də, iniltidən də daha eybəcərdir. Əgər hönkürtü ürəkdə saxlanılan və əziz tutulan, lakin, gerçəkləşdirilmə imkanından məhrum edilən, bundan sonra gerçəkləşdirilməyəcək idealın həqiqət olduğunu anlama ilə bağlıdırsa, qəhqəhə şüurdan silinib atılan və ruhun dərinliklərinə sığışdırılan bir idealın başqa birisində yaşandığını və başqa birisi tərəfindən gerçəkləşdirildiyini anlama ilə bağlıdır. İdealını itirən insan, çox zaman kütlə şüurunun daşıyıcısına çevrildiyindən, hamını idealdan məhrum görmək istəyir, bədbəxtlikdə bərabərliyə nail olmaq üçün. Nə hönkürtü, nə fəryad, nə nalə, nə də inilti, qəhqəhədən fərqli olaraq, idealı inkar etmir, əksinə, idealdan uzaq olduğu üçün reallığı inkar edir. Musiqi qəhqəhəni də imitasiya edə bilər, hönkürtünü də, fəryadı da, naləni də, iniltini də. Üstəlik, musiqi əhval-ruhiyyəni təkcə ifadə etmir, həm də onu aşılayır. Əgər bəstəkar musiqinin bir yaradıcısı olaraq öz hisslərini səslər vasitəsilə ifadə edirsə, və bununla da, potensial dinləyicinin ürəyində daşınan, lakin tutqunluqlar içərisində görünməyən idealın aydınlaşdırılması kimi möhtəşəm bir iş görürsə, ifaçı musiqidə yaşadılan ürək döyüntülərini qoruyub saxlayır və bu döyüntüləri müşayiət edən hissləri dinləyiciyə aşılayır. Musiqinin təsiri altında olan dinləyici sonradan nəsə etmək üçün indidən nəsə arzulayır.
Bəstəkar öz içərisində yaşatdığı hissiyyatı ona obraz formasını vermədən dinləyiciyə aşılayır. Dinləyici elə buna görədir ki, musiqidə öz həyat idealını, öz həyatının ideal obrazını müstəqil olaraq tapır, başqa sənət növlərində sənətkar tərəfindən verilən əyani obraz olmadan. Musiqi müəyyən əhval-ruhiyyəni yaradır. Həmin əhval-ruhiyyəyə uyğun obrazı isə əslində ədəbiyyat və təsviri sənət qurur. Ürəyin hər bir döyüntü tezliyi insanda bu və ya digər hissi – xoşbəxtlik hissini və ya bədbəxtlik yaşantısını, həzz və ya qəm vəziyyətlərini, gözəllik hissini və ya eybəcərlik duyğusunu, yüksəklik və ya bayağılıq yaşantılarını, ülvilik hissini və ya ikrah duyğusunu, məhəbbəti və ya nifrəti, hiddəti, qəzəb hissini və ya məyusluq duy-ğusunu, cəsarət hissini və ya tərəddüd və qorxu yaşantılarını, məmnunluq, arxayınlıq duyğularını və ya həyəcan, təşviş, çaşqınlıq vəziyyətlərini, faciəviliyi və ya komikliyi, gümrahlığı və ya yorğunluğu, süstlüyü, xəstəliyi, əzginliyi, qürur hissini və ya paxıllıq, həsəd və pərtlik yaşantılarını, sevinci və ya hüzn, kədər duyğularını, heyrəti, təəccübü və ya adiliyi, həqiqət hissini və ya şübhə duyumunu yaşadır. Musiqi ürəyi bu və ya digər tərzdə döyünməyə məcbur edə bildiyi üçün həyatın yaşanma tərzindən təbii olaraq doğulmalı olan duyğuları süni yolla doğurur. Musiqi elə buna görə də bəzən insana insanın indi gördüyü işin layiq olmadığı əhval-ruhiyyəni də bəxş edir. Ürək döyüntülərinin həqiqət ritmikası bəzən musiqinin təsiri ilə baş verir. Əməl ürəyi xoşbəxtlik ritmi ilə döyündürmədiyi halda, onu bəzən musiqi hərəkətə gətirir. Musiqi, elə bu əsasda da, başqa bir praqmatik əhəmiyyət də kəsb edir: Musiqi eyni məkanda və eyni zamanda olan insanların qəlblərini eyni cür döyündürür, deməli, onlara eyni hissləri yaşatdırır və elə bu əsasda da insanları birləşdirir. Cəmiyyət bəzən insandan onun sevmədiyi bir işi görməyi tələb edir. Cəmiyyət tərəfindən istənilən, tələb olunan hərəkəti etmək üçün ürəyin müvafiq döyüntüsü olmadığı belə halda hərəkətin musiqi ilə müşahidə olunması bu hərəkəti asanlaşdırır. Bədəni ürəkdən gələn deyil, kənardan gələn məqsəd hərəkətə gətirdiyi halda, ürəyin zəruri ritmikası musiqi sədaları altında da baş verə bilir. Musiqiyə ehtiyac çox zaman və o halda yaranır ki, bu və ya digər hərəkətə zərurət var, lakin hərəkətin özündə bir qratsiya yoxdur. Qəmli musiqi cəmiyyətin cəmiyyət üzvlərindən qəmli, dərdli olmağı tələb etdiyi an qəmlənmək üçündür. Şən musiqi cəmiyyətin fərddən sevinməyi tələb etdiyi an sevinmək üçündür.
Əgər insan gəncliyin xoş xatirələri ilə yaşamağa meyllidirsə, daha çox muğamı sevir. Fikir verirsinizmi, muğama ən çox orta və yaşlı nəsil bağlı olur. Görünür, hər bir yaş həddinin öz musiqisi vardır. Lakin, musiqi insanın anadan olduğu gündən dünyanı tərk etdiyi günədək onun, müəyyən mənada, yol yoldaşıdır, can həmdəmidir. Əgər beşikdə xumarlanan körpəni lay-lay yuxuya aparırsa, tabutda uyuyan cənazə son mənzilə avazla oxunan Quranın sədaları altında aparılır. İnsan dünyaya ağlaya-ağlaya, səs sala-sala gəlir. Bu ağlaşma, bu səs, müəyyən meyarlar əldə əsas tutulmaqla, ilk musiqi də adlandırıla bilər. Əgər müəyyən mənada rəqs öz başlanğıcını, ana bətnindən götürürsə, yenə də müəyyən mənada musiqi öz başlanğıcını doğuluş anından götürür.
İndi isə ümumiyyətlə musiqinin təbiəti barədə düşüncələrdən çıxış edərək muğamın özəllikləri barədə daha bir mülahizə söyləmək istərdim.
Muğam – reallıqdan həm zaman, həm də məkan baxımından bir qədər uzaqlıqda olan, lakin reallığı özünə doğru yüksəltməli olan idealın yaratdığı yaşantını imitasiya edir.
Musiqi heç də hamıda eyni hissləri və eyni əhval-ruhiyyəni, əlbəttə ki, yaratmır. Bu və ya digər şəxsin bu və ya digər musiqiyə münasibəti əsasən ondan asılı olur ki, həmin şəxsdə daşınan ürək, necə deyərlər, hansı musiqi üzərində köklənmişdir. Əgər insan öz təbiəti etibarı ilə qəhrəmandırsa, o, deyək ki, daha çox cəngini sevir. Qəlbi ilə qəhrəman olmayan kəs üçün isə, cəngi – qulaq batırıcı bir səs-küydür. Cəngi cəngavər mədəniyyətinin ifadəçisi olduğu halda, muğam – zadəgan mədəniyyətinin ifadəçisidir.
Muğamlarımızın ayrı-ayrılıqda qısa fəlsəfi səciyyəsi isə mənim anlamımda belədir:
Rast – tam xoşbəxtliyin olmadığı halda, tam xoşbəxtlik duyğusunun yaşanması üçündür. Əzəmətli, möhtəşəm olmayan həyatda əzəmətlilik, möhtəşəmlik hisslərinin yaşadılması üçündür. Gerçəkləşməmiş idealı gerçəkləşmiş kimi duymaq üçündür.
Şur – idealdan qopub-ayrılmanın ağrısını yumşaltmaq üçündür, idealdan qopub-ayrılmanı itki kimi deyil, obyektiv fakt kimi qarşılamağı aşılayır. Mahiyyətini itirən reallıqla sanki bir fərəhlə, gülə-gülə barışmaq üçündür. Özgələşmə məqamını sanki bir etinasızlıqla, heç nə olmamış kimi qarşılamaq üçündür.
Segah – ixtiyarını, ürəyini, ruhunu başqasına verən kəsin ixtiyar sahibi etdiyi kəsə, böyük ürək sahibi etdiyi kəsə, ruhlandırdığı, ruh verdiyi kəsə müraciətidir, yalvarışıdır. İxtiyarını, ürəyini, ruhunu başqasına verən kəsin həmin o başqasını mərhəmətə gətirmək üçün naləsidir.
Şüştər – idealdan uzaq düşmənin dərin kədərinə, ruhunu saran boşluğun vahiməsinə duruş gətirə bilmək üçündür. Uzaqda olan idealı xalis bir şəkildə təxəyyüldə, xəyalda canlandırmaq və bu xəyalla da təsəlli tapmaq üçündür. Əvvəllər gerçəklikdə yaşanmalı olan xoşbəxtliyi indi xəyalda yaşamaq üçündür.
Humayun – ideala ucaldıla bilməyən reallıq vəziyyətinin faciəsini ləyaqətlə yaşamaq üçündür. Ürəyin dərinliklərinə sığınan idealın məzmununun obyektiv reallığın məzmununundan daha real, daha önəmli, daha həqiqi olması inamının doğulmasıdır, ağrıların həqiqətə söykənmədən doğulduğuna inamdır.
Çahargah – həqiqət olmayan gerçəkliyə etiraz yaşantısını bütövləşdirmək üçündür. İdeal və reallıq arasındakı ziddiyyətin həlli üçün reallığın inkarı yolunu seçmədir.
Və nəhayət, bayatı-şiraz – özgələşmədən özünə qayıtma iradəsini öz daxilində tapmaq, özü olma cəsarətini, öz mahiyyətini təsdiqləmə qətiyyətini öz ruhunun dərinliklərində aşkara çıxarmaq üçündür. Reallığı ideala yüksəltmək yaşantısını və əzmini gücləndirmək üçündür.
Əgər rast fəlsəfi olaraq Dünya Zəkasının bir mücəsiməsi kimi səciyyələndirilə bilirsə, bayatı-şiraz Dünya İradəsinin bir təcəssümçüsü kimi məna kəsb edir.