15.02.2022, 11:22 - Baxış sayı: 836

Xocalı – savaş hələ bitməyib


Asiya Əhmədova
Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri

Düz 30 il əvvəl, qarlı fevral gecəsində Xocalı adlı bir şəhər öz əhalisi ilə birlikdə darmadağın edildi. O gündən fevral deyəndə Xocalı, Xocalı deyəndə fevral yada düşür. O gün inzibatı ərazi kimi ləğv edilən Xocalı, təqvimin bir ayına, ilin ağır gününə çevrildi. Fevral demək, elə Xocalı deməkmiş kimi, Xocalı ayı kimi daxil oldu yaddaşlarımıza. Bu iki ad eyni ağrı, eyni acı, eyni xəcalət, eyni məğlubiyyət və eyni utanc hiss etdirdi bizə.
Elə o gündənXocalı bir millətin üzü qasaqlamayan, daim göynəyən yarası, sızlayan ürəyi, kəsməyən ağrısı, unudulmayan dərdi və bəlkə də, bütün dərdlərinin və məğlubiyyətlərinin kökündə duran psixoloji sarsıntısı oldu. Bəli, məhz psixoloji sarsıntısı. Bu elə bir sarsıntı, elə bir zərbə,elə bir ağrı idi ki, özü ilə yeni dərdlər, yeni yaralar, yeni ağrılar, yeni itkilər gətirirdi...
Bəlkə də, o gün Xocalıda baş verənlər olmasaydı bu xalqın başına gələn sonrakı müsibətlər də olmazdı. Elə digər ərazilərimiz də işğal olunmaz, minlərlə insanımız məcburi köçkün həyatı yaşamazdı. Mütəxəssislər deyir ki, bir millətin nümayəndəsinə xas olan xarakterik cəhətlər çox vaxt həmin ölkənin keçdiyi siyasi proseslər və tarixi hadisələr ilə bağlı olur. Bu həm müsbət, həm də mənfi cəhətlərə aiddi.
Xocalı faciəsi millətimizdə mənfi cəhətlərin baş qaldırmasına hesablanmış və düşünülmüş şəkildə həyata keçirilən bir soyqırım hadisəsi idi.Xocalıda düşünülmüş şəkildə törədilən vəhşiliklər erməni terrorizminin və vəhşiləşmiş bir millətin “nələrə qadir olduğunu” göstərirdi. Həm də azərbaycanlıların gözünü qorxutmaq üçün,bilərəkdən, düşünülmüş şəkildə göstərilirdi. Bu hadisə “20 yanvar” hadisəsindən sonra xalqın aldığı ikinci böyük travma idi. Sayca ikinci olsa da, millətdə yaratdığı psixoloji sarsıntının gücünə görə bəlkə də,ən böyüyü idi desək, yanılmarıq. Gənc yazar Ulucay Akif haqlı olaraq yazır ki: “Bir insanın ailə üzvünün zorlanması ona necə təsir edərsə, Xocalı faciəsi də bu millətə elə təsir etdi. Susduq, öz qınımıza çəkildik, məğlubiyyəti qəbullandıq”.
Aylarla mühasirə vəziyyətində olan Xocalıya Azərbaycan hökumətindən tutarlı bir dəstəyin olmaması və hücum zamanı əlavə köməyin göndərilməməsi isə başqa bir sarsıntı idi. Odur ki, həm Qarabağda, həm də ətraf rayonlarda erməni hücumları zamanı yerli əhali nə qədər dirənc göstərib, nə qədər mübarizə aparsa da, hökumətdən tam dəstək almadıqda xalqın içindəki “Xocalı” psixoloji sarsıntısı, başqa sözlə desək “Xocalı” sindromu baş qaldırırdı. Və faciənin fəsadları bir millət olaraq bizim xarakterimizdə hiss olunurdu.Biz ədalətsizliklərə susur, məğlubiyyəti qəbullanırdıq. Əslində susmurduq, bəlkə də, gücümüz yetən qədər bağırırdıq. Amma, nə qədər bağırsaq da səsimiz içimizdə boğulur, bizi kimsə eşitmir, ya da, eşitmək istəmirdi...
Xocalı dərdi, Şuşa itkisi, Xankəndi həsrəti, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocəvənd yanğısı. Bu yanğı, bu itki, bu dərd, bu həsrət ilə keçən illərdə xalqın əli qələmli ziyalıları bu dərdləri yazılara köçürür, şeirlərə, laylalara, bəstələrə tökürdü.
Bu dərd o qədər ağır idi ki, xalqın bu ağırlığı çiyinlərindən atıb, yenidən mübarizəyə başlaması üçün hələ uzun illərkeçəcəkdı. Xalq bu zərbənin ağırlığını, acısını, ağrısını hələ uzun müddət özündə yaşadacaq, bu yaranın sağalması üçün yollar axtaracaq, qisas gününün gəlməyini səbrlə gözləyəcəkdi.
Və nəhayət, o gün gəldi. Özünü toplayıb ayağa qalxan və gün-gündən qüdrətlənən xalq, Xocalı faciəsindən 28 il sonra öz güclü dövləti, öz güclü ordusu və öz güclü əsgəri ilə öz doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarızənin sonu zəfər, qələbə və azadlıqdı.
28 il zaman məsafəsi uzunluqda dərinliyə kök salmış bu yaranın qaysaqlaması, 28 il zaman məsafəsi ağırlıqda olan bu dərdin yüngülləşməsi üçün isə xalqın minlərlə övladı şəhid, minlərlə övladı qazı oldu. Həm də cəmi 44 gündə. Möcüzələrlə dolu bu 44 gündə uğur, qələbə, zəfər, qürur, fərəh, sevinc, göz yaşı, kədər, hüzn və şükür var idi.
Yenə aylardan fevral, yenə günlərdən Xocalının anım günü. “Xocalı soyqırımı”nin 1-ci, 5-ci, 15-ci, 25-ci və nəhayət 30-cu anım günü. İllər keçir, rəqəmlər dəyişir, o gün baş verənlər isə dəyişməz qalır.
Dəyişən təkcə “anım günü” sözünün qarşısındakı rəqəmlər deyil, dəyişən çox şeyvar. Məsələn, illərdən “Şuşa ili”di. Elə bu “Şuşa ili” kəlməsidir ki, itirdiyimiz minlərlə Vətən övladlarının acısını daşımağa bizə güc verir, dərdlərimizi yüngülləşdirir.
Bir zamanlar Ramiz Qusarçaylı yazırdı:
Düşməndən dərs yükü alıb,
Dərdinə daldığım Vətən.
Qarabağda “2” alıb,
Sinifdə qaldığım Vətən.
Bu gün Qarabağda “5” almışıq, amma hələ Xocalını ala bilməmişik.
Bu gün Qarabağda “5” almışıq, amma hələ Xankəndinə gedə bilməmişik.
Bu gün Qarabağda “5” almışıq, amma hələ neçə-neçə kəndlərimizi düşmən tapdağından təmizləyə bilməmişik.
Deməli, savaş hələ bitməyib. Bu savaş o zaman bitəcək ki, anım günləri yox, illər“Xocalı ili” olacaq. Bu savaş o zaman bitəcək ki, Qarabağ bütünlüklə Azərbaycan olacaq. Bu savaş o zaman bitəcək ki, Xocalıda Xocalılar gəzəcək. Bu savaşo zaman bitəcək ki, “Xocalı soyqırımı”na hüquqi qiymət veriləcək. Bax, onda açılan yaralar qapanacaq, sızlayan ağrılar toxtayacaq, dərdlər yüngülləşəcək, millətin başı daha uca olacaq.
Nə qədər ki, Xocalıda düşmən gəzir, nə qədər ki, Xocalıda Xocalı qatillərinin ayaq izi var, nə qədər ki, “Xocalı soyqırımı” hüquqi qiymət almayıb, odur ki, bu savaş hələ bitməyib.
Tanrım güc ver millətimə, orduma,
Hələ neçə kənd-kəsəyim dardadı.
Bitməyibdi bu müharıbə, bu savaş,
Xocalının gözü hələ yoldadı.

Tanrım güc ver millətimə, orduma.
Durduğu yer nə öndü, nə arxadı.
Azad olan torpaqlara baxanda
Qoy deməyək: -bəs Xocalı hardadı?

Qoyyenə də biz silaha sarılaq,
İgidlərim həm sağda, həm soldadı,
Sən yol göstər - Xocalıya gedən yol,
Bu savaçın son döyüşü ordadı.

Kəsmə bizdən ümidini Xocalım,
Qisas eşqi damardadı, qandadı.
Lap az qalıb görüşünə gəlməyə,
Vətənimin igidləri yoldadı.

Gözlə bizi, gözlə bizi Xocalım,
Gələcəyik dərd yükünü bölməyə.
Düz 30 il üzündə donub qalan,
Göz yaşını gül üzündən silməyə.
***
Gözlə bizi, gözlə bizi, Xocalım,
Görüşünə gələcəyik.
Zəngilanda bölüb illər həsrətin,
Füzulinin, Cəbrayılın, Ağdamın
çöllərindən keçəcəyik,
Görüşünə gələcəyik.
Laçın, Qubadlı, Kəlbəcər
dağlarından ötəcəyik,
Yol üstündə yol gözləyən
Xankəndinə bir baş çəkib,
Belkə elə Şuşakimi
Zamansızın, ansızın,
görüşünə gələcəyik.
Düz 30 il bundan əvvəl,
Qarlı fevral gecəsindən –
Qanlı fevral gecəsindən
Üz-gözündə donub qalan
Göz yaşını siləcəyik.
Gözlə bizi, gözlə bizi, Xocalım,
Görüşünə gələcəyik,
Şuşa kimi bir gün sənə,
“Sən azadsan!” - deyəcəyik.
“Sən azadsan!” - deyəcəyik.