28.01.2022, 11:08 - Baxış sayı: 1132

Hüquq fəlsəfəsi: hüquqi sistem və onun əxlaqi, ictimai-siyasi funksiyaları


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
pashayeva.ph@mail.ru

Hüquqi sistem və onun əxlaqi, ictimai-siyasi funksiyaları təkcə hüquq elmində deyil, filosofların və hüquqşünas filosofların da tədqiq etdiyi əsas mövzulardan biridir. Filosoflar və hüququ fəlsəfi aspektdən tədqiq edən hüquqşünaslar hüquqa mənsub olan qaydaları fəlsəfi və əqli (təfəkkür) düşüncə əsasında araşdırmış, hüququn əxlaqi xüsusiyyətləri ilə yanaşı, həm də bu qaydaların ictimai – siyasi fəaliyyətinə xüsusi diqqət etmişlər. Hazırki məqalədə hüquqi sistemin funksiyalarından bəhs edərkən burada bir çox məsələlərə işarə olunmuşdur. Bu məsələlərdən biri də hüquq fəlsəfəsi və hüquqi sosiologiya arasında olan uyğun və fərqli cəhətlərdir. Bildiyimiz kimi hüquqi sosiologiya hüququ ictimai mövzu olaraq təhlil edir. Amma hüquq fəlsəfəsində isə “gərək olsun”, “qanunlara tabe olmaq”, “qanunsuzluğa yol verməmək” kimi mühüm, məcburi məsələlərə daha çox təkid olunur və burada da əsas hədəf ictimai – siyasi sabitliyi qorumaq, insanların haqlarına riayət etməkdir.
Məqalədə digər mühüm məsələ hüquqi qaydaların yaranmasında ruhi – psixoloji amillərin təsiridir. Hüquq elminin bir çox elmlərlə əlaqəsi vardır və psixologiya elmi də bunlardan biridir. Qanunvericilik orqanı bu iki tərəf (hüquq və psixologiya) arasında olan əlaqədən istifadə etməklə ictimaiyyət üçün qanun və qaydalar hazırlayır; həmçinin hər hansı bir qərarın tətbiq olunmasında, xüsusi ilə cəzanın təyin olunmasında müttəhimin psixoloji durumu araşdırılır. Çünki bir çox hallarda cinayətin icra olunması ilk olaraq cinayətkarın əməlindən əvvəl onun istəyinə (iradəsinə) bağlıdır. Törədilən hər hansı bir cinayətin kökündə təkcə əməl deyil, burada təhrikedici qüvvələrin də xüsusi funksiyası vardır ki, cinayətin zəif və şiddətli olmasına səbəb olaraq psixoloji gərginlikdən xəbər verir. Hüquqi qaydaların yaranmasında ruhi və psixoloji amillərin təsirini bilmək üçün ilk növbədə hüququ məfhum olaraq dərindən öyrənmək olduqca zəruridir. Çünki filosoflar səy göstərmişlər ki, hüquq məfhumu olduğu kimi dərk olunsun; yəni düzgün dərk olunma onun ictimaiyyətdə tətbiqindən daha çox zəruridir.
Açar sözlər: hüququn fəlsəfəsi, hüquqi sistem, hüquqi qaydalar, əxlaq, psixoloji amillər, ictimaiyyət, dövlət, siyasət, insan.
Müqəddimə. Hüquqi qaydalar müstəqil və bir-birindən ayrı deyil, bu qaydaların hər biri hədəfə çatmaq üçün ictimai məsələlərdən birini əhatə edir. Qaydaların məcmusu hüquqi mətnlərdə “hüquqi təşkilatlar” adlanır ki, bu da insanların hüquq və tələblərinin təyin olunmasında mühüm yer tutur. Buna misal olaraq demək olar ki, bəzən qaydaların hədəfi ər-arvad münasibətlərini tənzimləməkdir. Bu zaman hüquqi təşkilat nigahla bağlı olan məsələni qanuna əsasən həll edir. Bundan başqa, hər hansı bir şəxsi himayə etmək və ona başçı təyin etmək üçün irs məsələsinə müraciət olunur. Hüquqi təşkilatlar bir-birləri ilə sıx bağlıdır və ola bilər iki və ya üç hüquqi təşkilatın fəaliyyəti hüquqi qurumlara tabe olmaqdan daha geniş olsun. Hüquqi təşkilat ailə məsələlərini (nigah, irs, aliment və digər məsələlər) yaradan əsas təşkilatlardan biridir. Burada məntiqi bir bağlılıq hüquqi təşkilatların və qaydaların hamısını bir-birinə birləşdirir və bu bağlılığın toplusundan hər bir ölkənin hüquq sistemi (the legal system) yaranır. Məsələn, əgər Azərbaycan Respublikasının hüquq sistemini nəzərə alsaq bu hüquqi təşkilatların bir toplusu olaraq bir-biri ilə bağlı olan texniki üsulları, ictimaiyyətdə mövcud olan dolaşıq məsələləri əhatə edərək, ictimai və fəlsəfi ideyalara rəhbərlik edir. Hüquq sistemi və onun funksiyalarından bəhs edərkən hüquq fəlsəfəsi və hüquqi sosiologiya arasında olan oxşar və fərqli cəhətlərə diqqəti yönəltmək zəruridir. Çünki hüququn fəlsəfəsində təhlil olunan əsas mövzulardan biri də hüquqi sosiologiyadır ki, bu mövzu ictimai-siyasi məsələlərlə sıx bağlı olduğu üçün zaman-zaman öyrənilməsinə ehtiyac vardır.

Hüquq fəlsəfəsi və hüquqi sosiologiya

Məlum olduğu kimi hüquq fəlsəfəsində ideya və dəyərlərdən bəhs olunur; yəni burada əsas əxlaqi məsələlərlə yanaşı, həm də praktiki və elmi məsələlər təhlil olunur. Amma hüquqi sosiologiya elmi bir sistem olaraq hüququ ictimai mövzu olaraq təhlil edir. Elə bir mövzu ki, insan qrupları onu yaradır və himayə edir. Bu mövzuda hər hansı bir düşünülməmiş və tutarlı olmayan məfhumlar, etiqadlar və adətlər bir tərəfə qoyaraq təkcə real məsələlər, yəni dəyərlər sistemi və cəmiyyətdə insanların kütləvi qərarları araşdırılır; yəni elə məsələlər ki, sırf olaraq insanların tələbləri, ictimai-siyasi əməlləri ilə bağlıdır və bütün bu məsələlər müzakirə olunaraq tədqiq edilir. Hüquq fəlsəfəsində “gərək olsun” məsələsi müəyyən olunur və səy göstərilir ki, ictimaiyyət ona tərəf istiqamətlənsin. Burada əsasən “qanunlara tabe olmaq” və “qanunsuzluğa yol verməmək”, yəni olmalıdır və olmamalıdır məsələləri daha çox qabardılır və əsas məqsəd də insanları bu istiqamətə yönəltməkdir. Amma hüquqi sosiologiyaya nəzər salsaq görərik ki, əvvəlcədən hazırlanmış hər hansı bir ümumi hədəf ictimai yaşayışın yollarını müəyyən etmir və hər bir insanın hədəfi onun özündən asılıdır. Bu ixtisasda bütün məsələlər ictimai araşdırmalar əsasındadır və burada hüquq ideal və rəhbər bir məfhum kimi tədqiq olunmur. Fəlsəfə və hüquqi sosiologiyanın ayrılığını təkcə kontraktların işlənməsində (xüsusi doktorinaların bir hissəsində mülahizə etməklə) qəbul etmək olar; yəni hüququn fəlsəfəsi hansı doktorin metodlar əsasında qəbul olunur və hüquqi sosiologiya hansı dəlilə (sübut) əsasən diqqətdə olmalıdır? Hüququn ümumi nəzəriyyəsini sosiologiya metodlarına uyğun olaraq yazan hüquq nəzəriyyəçiləri ictimai məsələlərdə adət-ənənələri, insanla bağlı olan duyğuları və həmçinin ədalət məfhumuna daha çox diqqət göstərmişlər. Hüquq fəlsəfəsi ilə hüquqi sosiologiyanın oxşar və fərqli tərəfləri də mövcuddur. Hüququn fəlsəfəsində ən mühüm mövzular hüququn mahiyyətini, onun üsullarını, hədəflərini və mənbələrini tanımaqdır. Hüquqi sosiologiyada da həmin mövzulardan bəhs olunur, amma bu şərtlə ki, hüququn ümumi mövzuları, müəyyən qurumların barəsində olan xüsusi məsələlər ictimaiyyətə izah olunur. Amma hüquq fəlsəfəsi bu cür məsələləri təhlil etmir və onun əsas hədəfi hüquqa hakim olan ümumi nəzəriyyəni dərindən təhlil etməkdir (1.c.I.s.27-28).
Yuxarıda qeyd olundu ki, fəlsəfə və hüquqi sosiologiyanın ayrılığını təkcə müqavilələrin işlənməsində qəbul etmək olar; yəni burada əsas məsələ ondan ibarətdir ki, hüquq fəlsəfəsində hansı məktəbin metodu müqayisə mənbəyinə çevrilir və hüquqi sosiologiya hansı nəzəriyyəyə daha çox diqqət edir. Bir çox alimlər hüququn ümumi nəzəriyyəsini sosioloji aspektlər əsasında tədqiq edirlər və digər bir qrup isə (sosioloqlar) ictimai hadisələrin kənarında adətləri, insan duyğularını, ədalət məfhumunu və bu kimi məsələləri də gözdən qaçırmırlar (2.s.49). Məlum olur ki, fəlsəfə və hüquqi sosiologiya arasında mühüm fərqlərlə yanaşı, müqayisə olunan məsələlər də mövcuddur. Hüquq fəlsəfəsində mühüm mövzulardan biri də hüququn başlanğıc prinsiplərinin öyrənilməsi, hüquqla bağlı olan hədəflərin və istinadların təyin edilməsi məsələsidir. Hüquqi sosiologiyada bəzi fərqli cəhətləri nəzərə almaqla həmin mövzulardan da bəhs olunur. Hüquqi sosiologiyada əsas məsələlərdən, yəni hüquq barəsində ümumi məsələlərdən, o cümlədən ictimaiyyətdə mövcud olan müəyyən qurumlardan və onların prinsiplərindən bəhs olunur. Amma hüquq fəlsəfəsi bu məsələləri əhatə etmir, onun əsas tədqiq dairəsi ümumilikdə hüquq üzərində hakim olan ya müəyyən ölkədə hüquq üzərində hazırlanan ümumi nəzəriyyəni tədqiq etməkdir. Buna misal olaraq demək olar ki, hüquqi sosiologiyada ola bilər hər hansı bir cinayət işində (oğurluq, qətl və s.) qanundan istifadə olunsun ya sosiologiya bu məsələyə daha çox diqqət edərək bəzi suallara cavab axtarsın; məsələn, ailənin yaranmasına səbəb nədir? Yaranan ailə hansı proses nəticəsində bu günümüzə gəlib çatmışdır və qüvvədə olan qanunların bu məsələdə tarixi xronikası nədən ibarətdir? Amma hüquq fəlsəfəsi kitablarında hadisələrə hüquqi sosiologiyada olduğu kimi deyil, yəni həyata və onun çətinliklərinə yaxından deyil, məhz uzaqdan baxılır; hadisələr sadə şəkildə yox, daha dərindən müşahidə və tədqiq olunaraq öyrənilir. Hüquqi sosiologiyada tədqiq metodu təcrübə və elmə əsaslanır. Sosioloq hər bir şeyi ictimaiyyətdə axtarır və çalışır ki, insanlara aid olan mövcud qanunları müşahidə və təcrübə əsasında öyrənsin. Amma hüququn fəlsəfəsində baxışlar və metodlar müxtəlifdir və sosioloji metodlar təkcə tədqiqat aparılmaqla dəyərləndirilir (3.s.48). Sosial pozitiv (sivil) məktəblər, praqmatizm tarixi və dövlət hüququnu öyrənən məktəblərin kənarında təhlil olunur. “Hüquq elmi”, “hüquq fəlsəfəsi”, “hüququn ümumi nəzəriyyəsi” adı altında yazılan kitablar məhz bu təcrübəyə əsaslanır.
Bu mövzuda hüquq fəlsəfəsi və hüquqi sosiologiya arasında olan əlaqə və fərqli cəhətləri təhlil edərkən qeyd etmək lazımdır ki, bir çox hallarda haqlar sosial normalar əsasında öyrənilir. Məlum olduğu kimi hüquq sosial normalarla əhatəli formada geniş rabitəsi olan zati (təbii) bir məfhumdur. Məhz bu baxımdan haqlar təkcə qanunvericilikdə deyil, həm də cəmiyyətin sosial, iqtisadi, siyasi, mədəni həyatında da özünü göstərir. Bu baxımdan məsələyə elə yanaşmaq lazımdır ki, hüququn digər sosial normaları daha dərindən öyrənilsin və sosial normaların üstün cəhətləri aydın şəkildə ifadə olunsun. Hüquq fəlsəfəsi və hüquqi sosiologiyadan bəhs edərkən, bəzən hüquqşünaslar hüququ mürəkkəb, çoxcəhətli və eyni zamanda ziddiyyətli bütöv institusional təsisat və bəzən isə nadir sosial hadisə adlandırırlar (4.s.140). Buna səbəb ictimai davranışın və fəaliyyətin tənzimlənməsi hüquq normalarına əsaslanır və bu normalar ictimai münasibətlərin normativ tənzimlənməsi sistemini yaradır. Belə olan halda demək olar ki, hüququn fəlsəfəsi mənsub olduğu yeni mənaya əsasən hüquqi sosiologiyanın mühüm hissələrini əhatə edir.

Hüquqi qaydalara fəlsəfi yanaşma

Hüquqla bağlı olan mövzularda hüquqi qaydaların tərifi müxtəlif cür izah olunur. Əksər hallarda hüquqla bağlı olan qaydalar bu cür tərif olunur: müəyyən zamanda ictimaiyyətə rəhbərlik edən qanunlar toplusu hüquq adlanır. Digər bir tərifdə isə hüquq qaydası belə izah olunur: hüquq qaydası hüquq və qanunçuluğa əsaslanan ictimai münasibətlərin qaydaya salınması vəziyyətidir (5.s.35). Amma bu sadə bir tərif olduğu üçün qaydaların mahiyyətini tam olaraq açıqlamır. Hüququn tam tərifini vermək üçün ilk növbədə onun prinsip və hədəfini müəyyən etdikdən sonra xüsusiyyətlərini bilmək lazımdır. Hüquq qaydalarını tanımaq və onların seçilməsi üçün ilk növbədə hüququn cövhərini təşkil edən səbəb müəyyən olmalıdır. Buna görə də bu qaydaları əsasən dörd hissəyə ayırmaq olar:
-hüquqi qaydalar zəruridir ya məcburi?
-hüquqi qaydalara riayət etmək dövlət tərəfindən təmin olmalıdır;
-hüquqi qaydalar ümumidir;
-hüquq ictimai bir quruluşdur. Hüquq ictimai bir quruluşdur ona görə ki, onun əsas hədəfi ictimai əlaqələri tənzimləməkdir, nəinki insanın ruhunu və vicdanını paklaşdırmaq. Qeyd olunan bəndlərdə bəzi məqamların təhlilə ehtiyacı vardır. Birincisi: hüquqi qaydaların zəruriliyi dedikdə, demək olar ki, hüquq son hədəfə çatmaq üçün hüquqi qaydalara adi razılaşma ilə deyil, məcburi surətdə riayət etməlidir. Bəzən elanlar qanunlarda görünür, amma bunların heç bir öhdəliyi olmadığı üçün hüquqi qaydalar hesab oluna bilməz, çünki bu qaydaların hüquqi tərəfi yoxdur; amma bununla belə müxtəlif dərəcələri vardır və bütün qaydalar bu baxımdan eyni deyildir. Prinsiplərə riayət etmək mütləq formada lazımdır və bunlardan qaçmaq olmaz. Hüquqi qaydaların vəzifəsi nəsihət və yol göstərmək deyil, bəlkə məcbur etməkdir və daha dəqiq desək həmişə məcburiyyətlə birlikdədir. Elə buna görə də zəruriliyi hüquqi qaydaların xüsusiyyəti hesab etmək olmaz. Çünki hər hansı bir qayda öz əhatəsində məcburidir. İkinci məsələ isə hüquq və icranın zəmanəti məsələsidir. O qaydalar ki, onların icrası dövlət tərəfindən təmin olunmur bu cür qaydaları hüquqi hesab etmək olmaz. Ona görə ki, əgər şəxs qaydaların yerinə yetirilməsində müstəqil olarsa və yol verdiyi qanunsuzluğa görə heç bir cəza almazsa, onda ictimaiyyətdə hansı əmin-amanlıqdan danışmaq olar? Amma diqqət olunmalıdır ki, hüquqi qaydaların bir hissəsi hələ də tam deyil və bu məsələ xüsusilə ümumi hüquqda və beynəlxalq əlaqələrdə daha çox özünü göstərir. Buna görə də bir qrup tədqiqatçılar hüquqi qaydaları tərif edərkən icra zəmanətinin olmağını məcburiyyət üzündən kənara qoydular (1.c.I.s.34-35).
Mövzunu təhlil edərkən mühüm suallarla qarşılaşırıq, təbii ki, bunlara cavab vermədən üzərindən keçmək mümkün deyil. Məsələn, hüququ tanımaq dövlətin istəyidir ya insan təbiəti bunu tələb edir və ya insan ağıla əsaslanaraq bu məsələyə tərəf yönəlir? Bəlkə ictimai ehtiyaclar və adət-ənənələr onu yaradır? Hüquqi qaydaların hədəfi nədir? Hüququn vəzifəsi nizam-intizam yaratmaq və ictimaiyyəti hərc-mərclikdən qurtarmaqdır ya cəmiyyətdə ədaləti bərpa etməklə ictimai və mədəni inkişafı təmin etməkdir? Digər mühüm suallar isə bundan ibarətdir ki, hüquq dövlət hakimiyyəti qarşısında şəxsi azadlıqların təminatçısı olmalıdır ya insanların təcavüzü qarşısında hökuməti müdafiə etməlidir? Hüquqi qaydaların mövcudluğu üçün ictimai icra zəmanəti zəruridirmi? Zəmanətin icra olunması hüquqi prinsiplərə aiddirmi? Hüququn digər ictimai qaydalarla (əxlaq, dini məsələlər, adət-ənənələr) fərqi nədədir və hüquqi qaydaları necə tanımaq olar? Bu sualları çoxaltmaq da olar, amma əsas məsələ bunları toplayıb müəyyən bir nəticəyə gəlməkdir. Elə buna görə də yuxarıda qeyd olunan tərif hüququn tam tərifini əks etdirmir və elmi nöqteyi-nəzərdən də faydalı hesab olunmur. Amma bu o demək deyildir ki, bu təriflər əhəmiyyətsizdir; oxucu konkret olaraq bilməlidir ki, sonradan bəhs olunacaq mövzu nə barədədir və təhlillər hansı məsələlər ətrafındadır. Təhlil olunan mövzu daha çox qanunvericilik metodu ilə bağlıdır və bu metodun düzgün tanınmasıdır. Dövlətin güc və qüdrəti (hakimiyyəti) qanunvericilik metodunu qorumaq, onun icra olunması üçün təminatçı olmasıdır və bu əsas məsələdir ki, onu digər ictimai qaydalardan fərqləndirir. İkinci mərhələdə isə dövlətin vəzifəsi odur ki, insanlar arasında ictimai nizam-intizamı və ədaləti qorusun. Burada hüquq ictimai quruluşun aparıcı qüvvəsi kimi tanınır; dövlət və hüquq arasında olan əlaqə də məhz buradan başlayir. Hüquqi qaydaların meydana gəlməsi bəzən müstəqil olaraq dövlət tərəfindən yerinə yetirilir və məclis nümayəndələri bu qaydaların yaranmasını öhdələrinə götürürlər. Ədliyyə Nazirliyi isə qanunları şərh etməklə verilən qərarlara düzəlişlər edir; yəni məclis nümayəndələrinin çatışmamazlıqlarını aradan qaldırırlar. Bunu da nəzərə almaq lazımdır ki, təkcə qanunverici orqan ictimai məsələləri əvvəlcədən təyin edə bilməz. Bu orqan insanların ehtiyacı olduğu bir sıra məsələləri daxildə standartlaşdırır və təkrar məsələlərdə adət-ənənənin yaranmasını qaydaya uyğun olaraq lazımlı hesab edir. Dövlət yaranan bu qaydalara hörmətlə yanaşır və dövlətin müdaxiləsi ilə qaydaların himayə edilməsi hüququn yaranmasında əsas şərtdir. Bundan əlavə, hüquqi qaydalara digər tərəfdən yanaşsaq deyə bilərik ki, hüquqi qaydalar müəyyən işə və hərəkətə başçılıq edən hökm (judgement) adlanır. Məsələn, hər hansı bir şəxsə verilən cəza, yəni kiçik hökmlərin tərkib hissəsi olan hər hansı bir prinsip qanunvericilik tərəfindən təsbit olunur və vasitəsiz olaraq işə bağlanmır; zərəri olmayan qaydalar, hakimiyyətin tələbləri, müqavilədə sərbəstlik və digər məsələləri buna misal göstərmək olar. Amma bu mövzuda mühüm bir məsələni də nəzərdən qaçırmaq olmaz, yəni hüquqi qaydalar bəzən ikinci qrup üçün kiçik hökmlər qarşısında işlənir və o xüsusi bir hökmdür ki, əməllərdən bir hissəsini əhatə edir. Digər tərəfdən isə hüquqi qaydaları ictimai qaydalardan fərqləndirən mühüm bir məsələ vardır; yəni hüquqi qaydalar o qaydalara deyilir ki, dövlət hakimiyyəti tərəfindən müdafiə olunsun və bu qaydaların yerinə yetirilməsi dövlət tərəfindən tənzimlənsin. Hüquqi qaydaları ictimai qaydalardan fərqləndirən əsas məsələ də elə budur. Bundan sonra dövlətin vəzifəsi ictimai sabitliyi yaratmaq və insanlar arasında ədaləti bərpa etməkdir. Hüquq təkcə insanların bu günü ilə bağlı deyil, həmçinin insanların gələcəyini ön plana çəkərək onların bir-birləri ilə əlaqəsini diqqət mərkəzində saxlayır və elə buna görə də hüquq ictimai bir sistem olaraq qəbul olunur. Bəzən bu qaydalar müstəqil olaraq dövlətin vasitəsi ilə yerinə yetirilir; necə ki, qanunvericilik və Ədliyyə Nazirliyi qanunlar əsasında məclisin bəzi hallarda qüsurlu işlərini müəyyən sistem əsasında leqallaşdırır. Çünki qanunverici orqan fərdi olaraq bütün ictimai məsələləri əvvəlcədən planlaşdıra bilməz və insanlar ehtiyac duyulan məsələləri öz aralarında həll etməyə səy göstərirlər. Adət-ənənələrin yaranması məsələnin həlli üçün əsas amil hesab olunur və dövlət bu məsələlərlə bağlı yaranmış qaydaları mühüm hesab edir. Bir daha məlum olur ki, dövlətin müdaxilə və himayə etməsi hüququn mövcudluğunda əsas şərtdir. Elə buna görə də hüquqi qaydaları tərif edərkən dövlətin prinsipləri nəzərə alınaraq hüquqa düzgün tərif vermək lazımdır: “Hüquqi qaydalar o, qaydalara deyilir ki, insanların əməllərinə başçılıq edir və bu qaydaların yerinə yetirilməsi dövlət tərəfindən müdafiə olunur” (1.s.34-35). Buna misal olaraq demək olar ki, valideynin öz övladı qarşısında vəzifəsi, yəni şəxsin öz övladının anasına aliment ödəməsi və bunun kimi digər məsələlər hüquqla bağlıdır və hər hansı bir hökm ki, bunları qanuniləşdrir və onların yerinə yetirilməsini qərara alır bu hüquqi bir qayda hesab olunur. Mövzunu təhlil edərkən mühüm bir məsələni də nəzərə almaq lazımdır ki, hüquqi qaydalar müstəqil və bir-birindən ayrı deyil; hər bir qrup xüsusi hədəfə çatmaq məqsədi ilə ictimai əlaqələrdən birini əhatə edir. Bu məcmu və ya toplu hüquqla bağlı olan mətnlərində “hüquqi təşkilat” adlanır və hüququn təyin olunmasında, insanların vəzifələrində mühüm yer tutur. Misal olaraq demək olar ki, bu qaydaların bir hissəsi nigah məsələsini əhatə edir; ər və arvad arasında olan əlaqələri tənzimləyir, irslə bağlı olan məsələləri təsdiq etməklə, köməksiz və zəif insanlara himayədarlıq edərək onların müdafiəsini təmin edir. Bundan əlavə, hüquqi təşkilatlar arasında yaxınlıq əlaqələri vardır; ola bilər bir neçə təşkilat geniş fəaliyyət göstərən digər hüquqi təşkilatlara tabe olaraq onun bir hissəsi olsun; necə ki, nigah və irs ailə məsələlərinə aid olaraq hüquqi təşkilatın bir hissəsi hesab olunur. Məntiqə əsasən demək olar ki, bütün qaydaların hədəfi hüquqi təşkilatları bir-birinə bağlamaq və onların toplusundan hər bir ölkənin hüquqi quruluşunu yaratmaqdır. Qaydaların hədəfi isə hüquqa daxildir, yəni hüquqdan kənar qaydanın hədəfi ola bilməz. Əlbəttə, burada söhbət hüquqla bağlı olan hədəfdən gedir. Təbii ki, bu məsələlərin tədqiqində hüququn ictimaiyyətdə mənəvi və psixoloji təsirləri kənarda qalmamalı və bunların ictimai tərəfləri ilə yanaşı mənəvi və psixoloji aspektləri də təhlil olunmalıdır.

Hüquqi qaydaların yaranmasında psixoloji amillərin təsiri

Məlum olduğu kimi hüquq elmi psixologiya ilə həm zəruri və həm də faydalı əlaqəsi vardır. Çünki hüquqi qaydaların funksiyalarına nəzər salsaq şahidi oluruq ki, bu qaydalar ictimaiyyət üzərində çox asanlıqla icra olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki, məlum qaydaların icrası insanların ruhi-psixoloji duyğuları və hissləri ilə bağlılığı vardır. Burada ruhi – psixoloji duyğuların və hislərin tədqiqi və təhlili psixologiya elminin üzərinə düşür. Məhz bu səbəbdən də qanunvericilik orqanı bu üstünlüklərdən istifadə etməklə, ictimaiyyət üçün ən mühüm olan hüquqi qaydaları yaradır. Bundan başqa, hökmün oxunmasında, xüsusi ilə cəzanın təyin olunmasında da psixoloji duruma ehtiyac vardır (6.s.14). Nəzərə almaq lazımdır ki, bir çox hallarda cinayətin icra olunması ilk olaraq cinayətkarın əməlindən əvvəl onun istəyinə (iradəsinə) bağlıdır. Çünki müttəhim cinayəti törətməzdən əvvəl bunun haqqında düşünmüş və necə baş verilməsi barədə plan hazırlamışdır. Belə olan halda baş verən hər hansı bir cinayətin kökündə təkcə əməl deyil, burada təhrikedici qüvvələrin də xüsusi funksiyası vardır ki, cinayətin zəif və ya şiddətli olmasına səbəb olaraq psixoloji gərginlikdən xəbər verir. Belə bir vəziyyətdə psixoloji amillər hakimin düzgün qərar verməsinə yardımçı olur. Burada kəm ağıllılığı və dəlililiyi sənəd əsasında təsdiq olunan insanı misal göstərmək olar.
Hüquqi qaydaların yaranmasında ruhi və psixoloji amillərin təsirindən bəhs edərkən, hüququ məfhum olaraq tərif etməyi nəzərdən qaçırmamalıyıq. Əgər hüququ məfhum olaraq tərif etsək bunun ən sadə tərifi odur ki, hüququn tələblərinə (qayda və qanunlara) əməl etmək məcburidir və bu tələblər lazım olan qanuni mühiti yaradır. Hüququ məfhum baxımından təhlil edən hüquqşünaslar səy göstərmişlər ki, hüquq məfhumu olduğu kimi dərk olunsun; yəni düzgün dərk olunma onun ictimaiyyətdə tətbiqindən daha zəruridir. Kantın fikrincə, hüquqşünaslar hüququ məfhum olaraq izah etmək üçün öz təsəvvürlərinə istinad edirlər; yəni qanun keşikçiləri bunun mənasını təsəvvür əsasında araşdırmağa çalışırlar (7.vol.IX,p.38). Əlbəttə, Kantın fikri məşhur hüquqşünas Hartın gəldiyi nəticədə öz təsdiqini tapır. Hartın fikrincə, tarix hüquqşünasların hüquq məfhumunu dərk etmək səylərini özündə əks etdirir (8.vol. IX.p.73). Başqa sözlə, tarix boyu hüquqşünaslar ona görə çalışmışlar ki, bu məfhumun mənasını dərk etsinlər. Bunun öyrənilməsi isə ancaq hüquq elmini arqumentlərlə təhlil edən hüquq fəlsəfəsində mümkündür. Çünki, fəlsəfə ideyalara istinad edərək hüquqşünasa hüququn hədəfini və onun dərin üstünlüklərini öyrənmək üçün köməklik göstərir. Fəlsəfə başlanğıcda hər hansı bir məsələnin özəyini, onun kəşf olunma yollarını axtarmaqla məşğuldur. Elə buna görə də hüquq məfhumu təkcə məfhum olaraq təhlil olunmamalıdır; hüquq mühüm anlayış olduğu üçün məfhumdan əlavə, həm də onun ictimai – siyasi, mənəvi, ruhi – psixoloji aspektləri təhlil olunmalıdır. Ona görə ki, hüquq insanın əməl və hərəkətlərinə başçılıq edir; haqq, haqsızlıq, ədalət, insaf, vicdan və bu kimi digər məfhumlar insanla sıx bağlılığı vardır. Təbii varlıqlar (məsələn, səma cisimləri) bu cür sifətləri, yəni əməl və rəftarla bağlı olan xüsusiyyətləri qəbul etmir və hüququn məntiqlə bağlı olan məsələlərinə biganədirlər. Çünki hüququn məntiqlə bağlı məsələlərində bu cür varlıqlar, mövcud olmalarına baxmayaraq məfhum və mənaya malik deyillər. Amma əgər istəsək hüquq məfhumunu məntiq əsasında təhlil edək, onda ilk növbədə “əməl” və ya “hərəkət” təhlil olunmalıdır. Ümumiyyətlə, əməl nə deməkdir və biz onu necə dərk edirik? Əməlin elmi tərifi dedikdə, yəni əməl insanın iradəsinə bağlı olan təbii bir haldan və ya vəziyyətdən ibarətdir; əməl insana aiddir. Əməlin funksiyasına gəldikdə isə bu iki ünsürdən ibarətdir: daxili və zahiri. Daxili əməl psixoloji dəyərlərə mənsub olaraq iradəyə bağlıdır və nəzərə almaq lazımdır ki, əməlin bu növündə məqsəd əsas götürülür. Zahiri əməl isə görünən və həqiqi bir əməldir ki, maddi aləm ilə əlaqəsi vardır. Əgər hərəkət əməl olaraq nəzərdə tutulursa bu insanın iradə və rəftarına aid olmuş olur. Hər bir əməl həm daxili və həm də zahiri olmaqla köklü şəkildə bir-birinə bağlıdır; yəni əməl bir-birinə bağlı olaraq iki ünsürdən-məqsəd və hərəkətdən təşkil olmuşdur; həqiqətən iki ünsür bir-birinə bağlıdır. Əgər biz müəyyən bir məqsədi təsəvvür etsək, bu zaman baxımından keçmiş və başqa bir işlə bağlılığı olacaqdır, elə bu məqsədli təsəvvürdə bir əməllə üzləşirik. Ona görə ki, burada qərarın meydana gəlməsi zamanın müddətinə bağlıdır, yəni bu özü-özlüyündə bir hərəkətə, rəftara və hətta maddi bir qüvvəyə işarədir (9.pp.53-55). Məsələn, hər hansı bir insan riyazi bir məsələnin həllini fikrinə gətirirsə bu düzgün hesab olunur. Buna görə də zahiri və daxili əməllərin ayrılığı qəbul olunmur və bunların ən azı bir-birləri ilə əlaqəsi və tabeçiliyi vardır. Məlum olduğu kimi maddi aləm ilə əlaqəsi olmayan bir fikir hər hansı bir maddədən, rəngdən və cisimdən kənardır. Bu nəzəriyyə paralel olaraq maddi və mücərrəd (qeyri-maddi) aləm arasında mövcuddur. Elə buna görə də dərk olunması mümkün olmayan daxili əməli nəzəri olaraq təsdiq etmək düzgün deyil. Qeyd olunan əməllər ola bilər müxtəlif cür görünsünlər, amma az-çox məxfi və aşkar olan əməllər ayrı-ayrı ola bilməzlər. Hətta zahirdə baş verən bir əməl məsələn, nəfəsin kəsilməsi bu daxili əmələ çevrilərək məxfi qalır. Digər tərəfdən isə idrak kənar bir əməldir ki, ruhun funksiyalarından xəbərsiz deyil. Psixoloji ünsürlərin olmamağınəticəsində biz təbii bir görüntü ilə qarşılaşacağıq nəinki hərəkətlə.
Qeyd olunan təhlillər hüquqi qaydaların yaranmasında, mənəvi və psixoloji amillərin təsirində və həmçinin hüquqi məsələlərin dəyərləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bu məsələlər hər hansı bir əmələ aiddir; burada şüur və iradənin üstünlüyünü də qeyd etmək lazımdır, çünki əməl onların köməyi ilə mövcud olur. Amma hüquq hər bir halda olursa olsun bütün əməllərin, hətta bu əməllər psixoloji xəstəliyə düçar olan insanlarda olsa belə bütün bunların dəyərləndirilməsində başlıca üstünlüyə malikdir. Həqiqətən psixoloji amillərin olması və olmaması ola bilər bəzi əməllərin aradan getməsi üçün kifayət etsin; məsələn, hüquqi məsələlərdən sayılan cinayət işi yerinə yetirilməsin. Amma əməl hüquqi baxımdan hətta qanunsuz olsa belə onun cinayət işi qəti olaraq sistemləşmişdir. Bunu daha da aydınlaşdırmaq üçün misal olaraq demək olar ki, dəliliyi tibbi cəhətdən təsdiq olunan insanlar tərəfindən törədilən və qanuna zidd olan əməllər heç vaxt cinayət tərkibli əməllər hesab olunmur. Onların əməllərini qanuni və qanunsuz hissələrə ayırmaqla (hüququn tələb etdiyi qanuna əsasən) hüquqa zidd olan əməllərdən çəkindirmək lazımdır. Göründüyü kimi hüquq və onun dəyərləri bu cür məsələlərdə həm məfhum baxımından, həm də məna və əməldə güclü təsirə malikdir. Kənarda mövcud olmayan əməllər və həmçinin o əməllər ki, psixoloji amilin olması nəticəsində hüquqi dəyərlərdən məhrumdur mövcud olmaları mümkün deyil (10.pp.6&7).
Nəticə. Bunları təhlil edərkən belə nəticəyə gəlmək olar ki, hüquqi qaydalar o qaydalara deyilir ki, ictimaiyyətə, yəni insanların əməllərinə rəhbərlik edir və onun icrası dövlət tərəfindən qorunur və təmin olunur. Bunlar bizim gündəlik həyatımızda rast gəldiyimiz qanunlardır ki, ilk olaraq diqqət olunmasa da bunların hüquqi tərəfləri mövcuddur. Məsələn, ata-ananın öz övladları üzərində məsuliyyəti, bundan başqa, hər bir şəxs qanuna tabe olaraq qanunu müqəddəs hesab etməsi və bu kimi digər məsələlərin hüquqi tərəfləri mövcuddur ki, qərara alınan bu hökmlər hüquqi qaydalar adlanır. Digər tərəfdən isə hüquqi qaydaların yaranmasında mənəvi, ruhi və psixoloji amillərin təsirini nəzərə alsaq demək lazımdır ki, hüquq məfhum olaraq ictimai – siyasi, tərəfləri olduğu kimi mənəvi, ruhi və psixoloji tərəfləri də mövcuddur. Bundan əlavə hüquq həm də dəyərlərlə sıx bağlığı vardır və onu təkcə maddi varlıqlar və kənar hadisələr daxilində araşdırmaq olmaz. Çünki bunlarla müqayisədə hüquq olduqca yüksək mənaya dəlalət edir. Hüquq məfhum olaraq bəzən “hüquqla uyğunluğu vardır”, “varlığı vardır” və ya “maddi varlıq olmaq imkanı vardır” kimi mənalardan daha geniş və bunlardan tamamilə fərqlidir; hüquqi meyarlar meyarların ən üstünüdür. Ona görə ki, baş verən hər hansı bir əməlin sübutu ondan ibarətdir ki, bu əməl hüquqi məsələlərə aid olmaqla yanaşı, həm də maddi aləmdə baş verir. Əgər bu məsələyə məntiq baxımından yanaşsaq görərik ki, əməl, əməl olaraq hüquqi normativlərə tabedir və hüquq bu normativlər əsasında əməllərin dəyərlərini müxtəlif dərəcəyə ayıraraq onları müəyyən qaydalar əsasında sistemləşdirir. Hüquq məfhumu təkcə ətraf aləmdə olan varlıqların quruluşlarına və onların real prinsiplərinə bağlı deyil, bəlkə hüquq məntiq əsasında inkar olduğu hallarda belə özünün varlığını və mövcudluğunu qoruyur.

Azərbaycan, ingilis, rus və fars dillərində istifadə edilmiş ədəbiyyatlar
Azərbaycan dilində:
1.(4).Qurbanov H. Cəmiyyət və sosio – hüquqi problemlər. Bakı: Elm, 2018, 272 s.
2.(5).Lazarev V.V. Ümumi hüquq və dövlət nəzəriyyəsi. Tərcümə edən: Əziz Rzabəyli. Bakı: Qanun, 2007, 491 s.
3.(2).Paşayeva Ə. Hüququn Fəlsəfəsi. Bakı: Avropa, 2019, 154 s.
İngilis dilində:
4.(8).Bohanna P. Law and legal institutions. London: Encyclopedia of the Social Sciences, 1971, vol. 9, 603 p.
5.(10).Hans K. General Theory of Law and State. Translated by: Anders Wedberg. U.S.A: Harvard University Press, 1949, 516 p.
6.(7).Hart H. L. A. Defination and Theory in Jurisprudence. London: Collier Macmillan Publishers, 1972, vol. IX, 801 p.
7.(9).Raymond W. Philosophy of law. Part of the book, USA: Oxford University Press, 2008, 168 p.
Rus dilində:
8.(3).Пашаева А. Философия права. Перевод с азербайджанского С. Саттарова. Украина, Сватово: Соборность, 2019, 155 стр.
Fars dilində:
9.(6).Mustafa Daneş Pəju. Hüquq elminin müqəddiməsi: İran və İslam haqlarına baxış. Naşir: araşdırma mərkəzi və universitet. Qum: h.ş. 1392/2013 m., 276 s.
مصطفی دانش پژوه. مقدمه علم حقوق با رویکرد به حقوق ایران و اسلام. قم: پژوهشگاه حوزه و دانشگاه، هش. 1392/2013 م. 276 ص.
10.(1).Nasir Katuzyan. Hüququn Fəlsəfəsi: hüququn tərifi və mahiyyəti. c. I, Tehran: Nəşriyyat şirkəti. h.ş.1388/2009 m. 706 s.
ناصر کاتوزیان. فلسفه حقوق: تعریف و ماهیت حقوق. جلد اول. تهران: شرکت سهامی انتشار. 1388، 706 ص.

Pashayeva A.N.,
PhD in philosophy, leading researcher and associate professor at the Department "Islamic Philosophy", Philosophy Institute and Sociology of NA of AR,

Summary
Philosophy of law: the legal system and its moral, socio-political functions
The legal system and its moral, socio-political functions are among the main topics that are studied not only in legal science, but also by philosophers and lawyer philosophers. Philosophers and lawyers who study law in the aspect of philosophy have studied the rules relating to law on the basis of philosophical and intellectual thinking, paying special attention not only to the moral features of law, but also to the socio – political activity of these rules. In the present article, talking about the functions of the legal system, many issues have been addressed here. One of these issues is the corresponding and different aspects between the philosophy of law and legal sociology. As we know, legal sociology analyzes the law as a public subject. However, in the philosophy of law, it is more insistent on such important and binding issues as “must”, “ to obey the laws”, “not to violate the law”, and the main goal here is to protect the socio – political stability and to ensure the rights of people.
Another important issue in the article is the psychological impact of establishing legal rules. The science of law is related to many sciences, and the science of psychology is one of them. The legislative body prepares laws and regulations for the society by means of the relationship between these two parties (law and psychology); also examines the psychological state of the individual in the application of any decision, in the determination of punishment in particular. Because in many cases, commiting a crime depends first on the will of the offender before his act. In the root of any crime committed, not only acts, but also provocative forces have a special function, which indicates psychological tension, causing the crime to be weak and severe. In order to know the mental and psychological effects of legal rules, it is necessary to study the concept of law deeply. Because philosophers have made efforts to understand the concept of law as it is; that is, proper understanding is more necessary than its application in the society.
Key words: philosophy of law, legal system, legal rules, morality, psychological factors, society, state, politics, human.
Пашаева А.Н.,
доктор философии по философии, ведущий научный сотрудник, доцент института Философии и Социологии НАНА.

Резюме
Философия права: правовая система и ее моральные, социально-политические функции
Правовая система и ее нравственные, общественно-политические функции являются одной из ключевых тем не только юридической науки, ее исследованием занимаются также и философы и философы-правоведы. Философы и правоведы, изучающие право с философского аспекта, провели исследование норм, присущих праву, на основании философской и интеллектуальной мысли (мышления), наравне с нравственными особенностями права особое внимание уделили также и общественно-политической деятельности данных норм. В настоящей статье рассказывается о функциях правовой системы, здесь указываются на многие вопросы. Одним из этих вопросов являются схожие и отличительные черты между философией права и юридической социологией. Как мы знаем, право юридической социологии анализируется как общественная тема. Но в философии права больше подчеркиваются такие важные, обязательные вопросы, как“следует быть”, “подчиняться законам”, “не допускать беззакония”, и ключевая цель здесь – защищать общественно-политическую стабильность, соблюдать права людей.
Другим важным вопросом в статье является влияние нервно-психологических факторов на возникновение правовых норм. Юридическая наука связана со многими науками, и одна из них - наука о психологии. Законодательный орган, используя связь между этими двумя сторонами (право и психология), формирует закон и нормы; а также исследуется психологическое состояние подсудимого в применении какого-либо решения, в частности назначении наказания. Так как зачастую исполнение преступления связана прежде всего не с деянием преступника, а с его желанием (волей). В корне совершаемого какого-либо преступления лежит не только деяние, здесь особую роль играют и подстрекательские силы, что говорит о психологической напряженности как о причине слабости или жестокости пеступления. Для того, чтобы узнать влияние нервных и психологических факторов в возникновении правовых норм в первую очередь необходимо глубоко изучить право как понятие. Так как философы стремились к тому, чтобы познать понятие права как таковое; то есть правильное познание значительно важнее его применения в обществе.
Ключевые слова: философия права, правовая система, правовые нормы, мораль, психологические факторы, общество, государство, политика, человек.

Bakı Dövlət Universitetinin xəbərləri, sosial-siyasi elmləri seriyası jurnalı. “Bakı Universiteti” nəş. № 2, Bakı 2021, s. 80-90.
sosial-2-2021.pdf [980,1 Kb] (Yüklənib: 8)