19.01.2022, 10:53 - Baxış sayı: 282

20 Yanvar faciəsi xalqımızın birliyini, müstəqillik ideallarını möhkəmləndirərək əbədiləşdirdi


Hüseyn ibrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə doktoru


Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi olaraq daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus əhəmiyyətli yeri vardır. Bu hadisə tariximizdə hüzün və qürur günü olmaqla iki mühüm əbədiyaşar paradiqmanı özündə ehtiva edir. Ən yeni tariximizdə bir sıra tarixi hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin suverenlik ideya təfəkküründə dərin əbədi izlər qoymuşdur. 20 yanvar tarixi faciəsi məhz belə bir hadisələrdəndir. Bu gün ordumuzun vətən müharibəsi qələbəsinın ideoloji təməlində həm də 20 yanvar faciəsindən başlanan suverenlik, milli birlik, azərbaycançılıq, dövlətçilik amalları dayanır. 20 yanvar gecəsi şəhidlərimiz suverenliyi milli təfəkkürümüzün əbədi paradiqmasına çevirə bildi.
20 Yanvar hadisəsi yalnız tarixi faciə deyildir. Müqayisələr göstərir ki, insanların suverenlik, azadlıq, vətənpərvərlik uğrunda bir araya gələrək verdikləri qurbanlar, bu zaman yaşadıqları faciələr gələcək nəsillər üçün qürur, iradə, ideoloji prioritet prinsiplərini də müəyyənləşdirmiş olur. 20 Yanvar hadisəsi də ölkəmizin yeni tarixində məhz belə tarixi hadisələrindəndir. Bu gün həmin hadisəni anan hər bir Azərbaycan vətəndaşının qəlbində bir amal yaşayır: Azərbaycan-azərbaycançılıq, vətən-vətəndaşlıq, dövlət-dövlətçilik, milli iftixar- milli qürur. Deməli, bu kimi prioritet amalları özündə yaşadan faciə qurbanları həmişə iftixar yerimiz, həmin hadisə isə anım günümüz, hüzn günümüz olmaqla bərabər məqsədlərimizin, dövlətçiliyimizin, azərbaycançılığımızın gələcək uğurları, gələcək möhkəmliyinin ideoloji təməl prinsiplərindəndir. 20 Yanvar hadisələri eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”. Döğurdan da 20 Yanvar hadisəsi ərəfəsi və bu hadisədən sonrakı dövr göstərdi ki, 70 il sovet sistemində yaşamasına baxmayaraq azərbaycanlıların vətəndaşlıq anlamı təfəkkürünü çərçivəyə salmaq mümkün olmamış, xalqımız tarixi yaddaş və milli özünüdərk keyfiyyətlərini qoruyub saxlamışdır.
Müasir azərbaycanlı multicultural düşüncənin, tolerant təfəkkürün daşıyıcısıdır. Bu fəlsəfənin mahiyyətində dayanan tolerantlıq bu gün Azərbaycanın siyasi kursunun prioritet paradiqmalarındandır. Bu prinsipin məğzində dayanan multikulturallıq bu gün Azərbaycanın dövlət siyasətinin ana xəttində mühüm məsələlərdəndir. 20 Yanvar hadisəsində ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi şəhidlik zirvəsinə yüksəlmiş, hər bir etnosun azərbaycançılıq, vətənbərvərlik amalı möhkəmlənmişdir. 20 Yanvar hadisəsi yalnız ümumxalq hüzn günü deyildir. Bu gün həm də Azərbaycan vətəndaşının səsinin dünyaya haray çəkən bir günüdür. Bu faciəli hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə zidd hesab etdiyini bildirmişdir. Həmin andan başlayaraq gedən proseslər bütün dünya qarşısında Azərbaycan vətəndaşı üçün müstəqillik ideallarının nə qədər mühüm bir dəyər olduğunu göstərməkdədir. 20 Yanvar şəhidlərinin anım günü milli qürur mənbəyimizin, milli dövlətçilik maraqlarının qürur yeridir. Belə ki, 20 Yanvar hadisəsi zamanı şəhid olan insanlarımızın, xalqımızın nümayəndələrinin anım anı və illər keçdikcə bu faciəli günün, həm də əziz xatirənin daha da kütləviləşməsi, daha böyük izdihamla müşaiyət olunması onu göstərir ki, xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda, müstəqillik yolunda, dövlətçilik ənənələrinin möhkəmliyi uğrunda birgədir, mütəşəkkildir. Dövlətimizin tolerant ideoloji kursunun təməlində həm də, xalqımızın 20 yanvar hadisəsi kimi çətin anlarda göstərdiyi milli birlik və azərbaycançılıq ideyası dayanır.
Dünya artıq özünün yeni qlobal epoxasını yaşayır.Təssüf ki, bir çox münaqişə ocaqları vardır ki, onların davam etməsi dünyanın bəzi dairələri üçün hələ də maraqlıdır. Yalnız müstəqillik, azadlıq, milli birlik, dövlətçilik maraqları ətrafında sıx birləşən xalqların dünyanın ideoloji, bioloji təhdidlərindən qorunması mümkündür. Milli birlik bu gün həm də dünyanı bürümüş pandemiya təhdidlərindən qorunmaq yolunda prioritet istiqamət olmalıdır. Yalnız tarixi keçmişi zəngin olan xalqların faciəli məqamlarla üzləşməsi zamanı göstərdiyi qətiyyət və iradə hesabına dünyanın inkişafının yeni səhifəsi açılır. Bu gün Azərbaycan Respublikası Prezidentinın hərbi-diplomatik uğurları nəticəsində Ermənistanın ərazilərimizdə formalaşdırdığı hərbi xuntanın darmadağın edilməsi həm də regionun inkişafı üçün yeni sosio-mədəni, iqtisadı perspektivlərin təməlini qoydu. Bu gün Azərbaycan iqtisadi baxımdan dünyanın inkişafınıda yeni səhifə açan ölkədir. Yalnız iqtisadi baxımdan deyil, mədəni,humanitar aspektdən də bu belədir. Sosio-mədəni kontekstdə mədəniyyətlərin dialoq axtarışlarının müzakirə evinə çevrilmiş ölkəmiz, həm də tolerantlıq fəlsəfəsini özünün və müttəfiqlərinin ideoloji prioritetinə çevirərək 20 yanvar Şəhidlərinin amallarını yaşadır və möhkəmləndirir. Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin Beynəlxalq münasibətlərin tənzimlənməsində apardığı praqmatik siyasi kurs regional sabitliyin yeni ideoloji xəttini müəyyən etdi. Ölkəmizin suverenliyinin daha da möhkəmlənməsi ideyasına səbəb olan 44 günlük Vətən müharibəsi 20 yanvardan başlanan şərəfli yolun daha ülvi zirvəsi oldu.