19.01.2022, 10:58 - Baxış sayı: 394

Dəyərli tədqiqat əsəri


Məmmədağa Sərdarov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ötən ilin sonlarında Turxan nəşriyyat-poliqrafiya Birliyi tərəfindən 272 səhifədən ibarət nəfis şəkildə tərtib olunmuş dərin məzmunlu, maraqla oxunan kitab çap edilmişdir. “Heydər Əliyev – İlham Əliyev: Azərbaycançılığın zəfər yolu” adlanan bu kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Yadulla oğlu Mədətlidir.
Kitab haqqında geniş məlumat verməzdən əvvəl vurğulamaq istərdim ki, Azərbaycan xalqının taleyində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə ayrı-ayrı şəxslərin həyat yolunun, vətəndaş mövqeyinin, ictimai-siyasi fəaliyyətinin formalaşmasında təcrübəli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyev böyük rol oynamışdır. Adı çəkilən kitabın müəllifi Eynulla Mədətliyə də Ulu öndərin tükənməz siyasi-mənəvi irsindən faydalanmaq, 1991-1993-cü illərdə ağır vəziyyətdə olan Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi zaman onunla şəxsən təmasda olmaq nəsib olmuşdur.
İyirmi ilə yaxın diplomatik xidmətdə çalışmış Eynulla Mədətli ölkəmizin İranın Təbriz şəhərində Baş konsulu vəzifəsinə təyin edilmiş, sonra da bu ölkədəki səfirliyin müşaviri, Pakistan, Əfqanıstan və Ukraynada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2016-cı ilin əvvəlindən o, əvvəl AMEA A.Bakıxanov adına Tarix İnstitutunda, sonra isə Fəlsəfə İnstitutunda aparıcı elmi işçi kimi çalışmışdır, beş monoqrafiyanın, yüzdən çox elmi məqalənin müəllifidir.
Fikir söylədiyimiz və müəllifin çox uğurlu başlıq seçdiyi “Heydər Əliyev – İlham Əliyev Azərbaycançılığın zəfər yolu” kitabı beş fəsildən ibarət olmaqla onun ana xəttinə uyğun yazılmış 23 məqaləni əhatə edir. Həmin fəsillər belə adlanır: “Heydər Əliyevin fenomen şəxsiyyəti və dövlətçilik strategiyası”, “Heydər Əliyev və Azərbaycan – Türkiyə münasibətləri”, “Heydər Əliyev və mədəniyyət-mənəviyyat məsələləri”, “Prezident İlham Əliyevin siyasətində milli birlik və həmrəylik”, “Prezident İlham Əliyevin Zəfər strategiyası”.
Göründüyü kimi, fəsillərin başlıqları öz məna yükü ilə seçildiyi kimi, onların məzmunu da səciyyəvi və maraqlıdır.
Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, müəllif Ulu Öndər və onun siyasi varisi Prezident İlham Əliyev haqqında, ümumiyyətlə dövlət başçısı, Lider barədə fikirlərini daha aydın şəkildə çatdırmaq üçün müxtəlif mənbələrdən də istifadə etmiş, öz fikirlərini yetərincə əsaslandırmışdır.
Yeri gəlmişkən əlavə edim ki, geniş mütaliəyə malik və poeziya həvəskarı Eynulla müəllimin kitabına daxil etdiyi məqalələrində vətəndən, vətənpərvərlikdən, azərbaycançılıqdan fikir yürüdülərkən Azərbaycan ədəbiyyatının klassikləri olan Cəlil Məmmədquluzadə və Hüseyn Cavidə istinad etməsi, xalq şairləri Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz və Musa Yaqubun yaradıcılığından nümunələr gətirməsi onun kitabının daha maraqlı və oxunaqlı olmasına səbəb olmuşdur.
Kitabın ön sözündə müəllif çox düzgün olaraq qeyd edir ki, Ulu öndər Heydər Əliyevin tükənməz və zəngin siyasi irsi və Prezident İlham Əliyevin bu möhtəşəm irsə söykənən dünya miqyaslı, məqsədyönlü, dövlətçilik siyasətinin nəzəriyyəsi və təcrübəsi yeni-yeni tədqiqatlara, müasir dövrün qlobal çağırışlarına müvafiq elmi-siyasi yanaşmalara və dəyərləndirmələrə yol açır. Heç təsadüfi deyildir ki, buna görə də indiyədək Heydər Əliyev – İlham Əliyev siyasi məktəbinə müstəqil dövlət quruculuğunda bu əbədiyaşar irsin həlledici roluna dair onlarla sanballı, kitablar və məqalələr yazılmışdır.
Dəyərli tədqiqat əsəriE.Mədətlinin kitabında söylənilən bir fikir də diqqəti cəlb edir. O yazır: “Azərbaycanın 30 illik erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü təmin etməsi isə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi ən böyük tarixi missiyası oldu. Əlbəttə, Vətən müharibəsinin – II Qarabağ müharibəsinin birinci siyasi və hərbi qəhrəmanı Azərbaycanın Prezidenti İlham Əliyev özü oldu”. Desək ki, uşaqdan böyüyə bütün xalqımız belə düşünür, səhv etmərik.
“Mənim üçün torpaqlarımızın azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm...”, - deyən İlham Əliyev həqiqətən yenilməz iradəyə malik cəsur sərkərdə və müdrik dövlət başçısıdır.
Qeyd edək ki, təqdim olunan yeni kitabda toplanan məqalələr müəllifin 2018-2021-ci illərdə qələmə aldığı, müxtəlif nəşrlərdə dərc edilmiş məqalələr olsa da, onlar bütövlükdə Ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vahid siyasi xəttin – Azərbaycançılığın zəfər yolunu inandırıcı şəkildə əks etdirir.
Haqqında fikir söylədiyimiz bu dəyərli toplu – monoqrafiya Ulu öndər Heydər Əliyevin siyasi irsini, Prezident İlham Əliyevin yüksək səviyyədə həyata keçirdiyi daxili və xarici siyasətini öyrənənlər, siyasət və fəlsəfə sahəsində çalışan tədqiqatçılar, eləcə də geniş oxucu dairəsi üçün olduqca maraqlı və gərəkli vəsait kimi qiymətləndirilə bilər.
Sonda yeni kitabında mənim Ulu öndərə həsr etdiyim, keçən il nəşr edilmiş “Mahir siyasətçi, müdrik dövlət rəhbəri” kitabıma verdiyi dəyərə görə zəhmətkeş tədqiqatçı, səmimi və xeyirxah insan Eynulla Mədətliyə təşəkkürümü bildirir, ona möhkəm cansağlığı, şəxsi həyatında və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

"İkisahil.az"