31.12.2021, 09:44 - Baxış sayı: 262

Torpaqların azad edilməsi Prezidentimiz üçün ən böyük hədiyyədir


Torpaqların azad edilməsi Prezidentimiz üçün ən böyük hədiyyədirVətən müharibəsindən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ənənəvi hal alıb. Dövlətimizin başçısı ilk vaxt­larda həmin ərazilərə erməni quldurlarının törətdiyi dağıntıların miqyasını yerində görməyə, tikinti-abadlıq işləri ilə bağlı göstərişlərini verməyə yollanırdısa, hazırda həmin tapşırıqların, hazırlanan layihələrin, görülən işlərin nəticəsini görmək üçün səfər edir. Bu, hər bir azərbaycanlı üçün sevindirici haldır. Hər birimiz bilirik ki, əgər Prezidentimiz bir yerə səfərə gedirsə, orada müxtəlif açılışlarda, təməlqoyma mərasimlərində iştirak edəcək. Budəfəki səfər isə həm xalqımız, həm də şəxsən dövlətimizin başçısı üçün xüsusilə əlamətdar idi. Bu fikirləri bizimlə söhbətində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirdi.
O dedi: – Prezident İlham Əliyev de­kabrın 24-də Xocavənd rayonunun Had­rut qəsəbəsinə və Şuşa şəhərinə səfər edib. 24 dekabr həm də dövlətimizin başçısının doğum günüdür. 60-cı yaş günündə cənab Prezident bildirdi ki, adətən, ad günlərini qeyd etmir.
Biz bilirik ki, Prezident İlham Əliyev həmin günlərdə sosial obyektlərin açılış­larında iştirak edir, məcburi köçkünlərlə və ya şəhid ailələri ilə görüşür. Yaxşı xatırlayıram, Prezidentimiz 10 il əvvəl də öz doğum günündə Qarabağa – Ağcabədiyə səfər etmişdi. Düşünürəm ki, bu hadisə bir çox tərəfdən olduqca maraqlı və uzaqgörən addım idi.
Ötən on il ərzində respublikamızda mühüm proseslər baş verib. Ölkədə, demək olar ki, bütün sahələr üzrə islahatlar həyata keçirilib, iqtisadi-siyasi inkişafa nail olunub. Dövlət başçısı­nın dediyi kimi, o, bu inkişafı sadəcə izləməyib, xalqdan aldığı dəstəklə həm də bütün prosesləri idarə edib. Əlbəttə, bütün bu inkişafın, iqtisadi müstəqilliyin fonunda biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdik. Bu, sadəcə bir insan ömrünün on ili deyil, həm də xalqa və dövlətə həsr edilən həyat yolunun barlı baharıdır. Çünki, əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev üçün torpaqlarımızı azad görməkdən, ata nəsihətini yerinə yetirməkdən daha böyük bir hədiyyə ola bilməz.
Səfəri əlamətdar edən hadisələrdən biri də, Hadrut qəsəbəsində yeni yaradılan hərbi hissənin açılışı oldu. Hadrut uğrunda gedən döyüşlər, II Qarabağ müharibəsinin ən önəmli dönüş nöqtələrindən biri idi. Ermənilər Hadrutu itirməmək üçün qəsəbənin müdafiəsinə dəfələrlə yeni dəstələr cəlb etsələr də, əsgərlərimiz nəzarəti ələ keçirdikdən sonra yeni qüvvələrlə əks-hücuma çalışsalar da, nəticə dəyişmədi. Hadrut işğaldan azad edildi. Bu, 44 günlük Vətən müharibəsinin ən önəmli hadisələrindən biri idi. Xalqımız da Hadrutun önəmini yaxşı başa düşür, gələn xəbərlərə böyük bir şəhər mərkəzini, rayonu azad etdiyinə görə sevinirdi. Təbii ki, Hadrutun azad edilməsi döyüşlərin seyrini dəyişdirdi, ermənilərin dayaq sütunlarından biri qırıldı. Belə bir strateji əhəmiyyətə malik qəsəbədə yeni hərbi hissənin yaradıl­ması və bu hadisənin dövlət başçısının doğum gününə təsadüf etməsi, eləcə də Prezident İlham Əliyevin ailə üzvləri ilə həmin günü Hadruta və Şuşaya səfər etməsi ondan xəbər verirdi ki, Vətən müharibəsində xalqın dəstəyi ilə sıxılan “dəmir yumruq” hələ də yerindədir.
Biz təkcə Azərbaycan deyil, bütövlükdə dünya tarixinin ən parlaq, ən mükəmməl qələbələrindən birinə şahidlik edən bəxtəvər nəsilik. Belə tarixi hadisələrə şahidlik etmək, üstəlik, davam edən prosesləri qalib xalqın gözü ilə görmək hər adama, hər millətə nəsib olmur. Mən də fürsətdən istifadə edib, bizə bu qüruru yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza təşəkkür edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə və dövlət səadəti arzulayıram.

Söhbəti yazdı: İmran ƏLİYEV,

“Xalq qəzeti”