18.11.2021, 09:15 - Baxış sayı: 263

ZƏFƏRƏ DOĞRU SƏFƏR


ZƏFƏRƏ DOĞRU SƏFƏRArtileriya briqadası tərkibindəki divizyonumuzun ilk mövqeyi Füzuli rayonunun Arayatlı kəndində idi. Düşmən tərəfinin növbəti təxribatına cavab olaraq 27 sentyabr səhər saatlarında qızğın döyüş başladı. Bu Azərbaycan xalqının 30 il həsrət çəkdiyi doğma torpaqlar, yurd yerlərimiz uğrunda Vətən müharibəsi – II Qarabağ savaşının başlanğıcı idi. Peşəkar hərbiçilərimizdən ibarət daimi heyət və Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin təlimlərə cəlb etdiyi hərbi qulluqçular əl-ələ verərək yağı düşmənə sarsıdıcı zərbələr endirirdilər. Döyüşün elə ilk günü artileriya bölmələrimizin üstünlüyü özünü göstərməyə başladı. Artıq düşmən artileriyasının atış sürəkliyi və dəqiqliyi hissediləcək dərəcədə aşağı düşmüşdü. Növbəti gündə də atəş tempini davam etdirən bölmələrimiz düşmənə ağır itkilər verməkdə idilər. Növbəti uğurlu atışlardan sonra 2-ci atəş tağım komandiri olduğum 12-ci batareyamızın 3-cü topu düşmən mərmisinə tuş gələrək 4 nəfərimiz müxtəlif dərəcəli xəsarətlər aldılar. Sonradan onlardan biri, əsgər Şahmuradov Rəvan Dilşad oğlu şəhadətə yüksəlmiş oldu. Digər batareyalarda da yaralanlar var idi. Amma bütün bunlara baxmayaraq hər kəs böyük əzmkarlıqla vuruşur, toplarımızın atəşləri öndəki bölmələrin irəliyə doğru hərəkətlərini təmin etməkdə idi. Artileriyada mövqenin dəyişdirilməsinə “toplar səfərə” və ya sadəcə “səfər” deyirlər. Oktyabrın əvvəllərində düşmən atəşi altında Aşağı Əbdürrəhmanlı kəndinə səfər etdik. Ətrafımız düşmən atəşlərindən deşik-deşik edilmiş qara dairələrlə dolu idi. Xoşbəxtlikdən nə səfər edərkən, nə də artıq üstü açıq mövqelərimizdə yerləşərkən düşmən mərmilərinə tuş gəlmədik. Bu mövqeləri bizim üçün ekskavatorlarla hazırlayan mülki şəxslərin İlqar dayının və Elsevər qardaşın zəhmətləri çox oldu. Elə xalqımızın da verdiyi möhtəşəm dəstəyi həmişə hiss edirdik. Bizə müxtəlif geyimlər, qidalar, ləvazimatlar və s.lərin ardı-arası kəsilmirdi. Məktəblilərin yolladığı məktublar bizə daha da ruh verib qətiyyətlə döyüşməyimizə təsir edirdi.
Üçüncü mövqeyimiz artıq Cəbrayıl rayonuna səfər edib Daşkəsən kəndinin ətrafında yerləşməyimizlə oldu. Yolboyu məhv edilmiş düşmən texnikası və canlı qüvvəsi, silah və sursatlarla dolu idi. Ürək ağrıdan mənzərə isə ətrafdakı yaşayış yerlərinin dağıdılmış, vəhşicəsinə xarabalıq halına gətirilməsi idi. Növbəti mövqeyimizin düşdüyü Süleymanlı kəndi də xarabalığa çevrilmiş yurd yerimiz idi. Burada hətta düşmən bayrağını atıb qaçdığının şahidi olduq.
Sayca beşinci səfərimiz Hadrut istiqamətində oldu. Hərbi poliqonun ərazisində yerləşən dvizyonumuz düşmənə sarsıdıcı zərbələr endirməyi davam edirdi. Burada diqqətimizi çəkən məqamlardan biri sonralar da sonuncu mövqeyimiz olan Xocavənd rayonunun Böyük Tağlar kəndində olduğu kimi yaşayış yerlərinin salamat qaldığı və daha çox hərbiləşdirildiyi idi.
Biz 28 oktyabr tarixində Hadrut qəsəbəsinin mərkəzindən keçərək Xocavənd rayonunun Tuğ kəndi istiqamətində səfər etdik. Dağlardan keçib gəldiyimiz bu mövqe elə ilk gündən atəşə tutulurdu. Yerləşdiyimiz mövqeyin arxasında yol keçdiyindən düşmən bu yolu hədəfə almış və bölmələrimizin irəliləməsinə mane olmaq istəyirdi. Növbəti atışlar bir çoxumuzun son döyüşü ola bilərdi. Lakin bir-çox hallarda müşahidə etdiyimiz kimi atılan düşmən mərmiləri gah partlamır, gah da bizdən kənar yerlərə düşürdü. Halbuki, həmin mövqeni tərk edib növbəti, sonuncu səfərimizə çıxdıqda topumuz olan yerə nəinki mərmi düşmüş, hətta Qrad maşınımız düşmən mərmisinə tuş gələrək başqa bir əsgərimiz şəhid olmuşdu.
Az müddət keçməsinə baxmayaraq hamımız biri digərinə doğmalaşmış, sanki elə əzəldən bir yerdə olmuşlar kimi döyüşü davam etdirməkdə idik. Arada zarafatlaşır, bir-birimiz haqqında bilmədiklərimizi, hansısa istedadımızı aşkarlayırdıq.
Bu aralarda düşmənin mülki əhalimizə qarşı, döyüş meydanından yaxın-uzaq şəhərlərimizi artileriya atəşinə tutduğu xəbəri bizi hiddətləndirməyə bilməzdi. Bütün bunların cavabını biz yalnız döyüş meydanında artıqlaması ilə verirdik.
Bizi zəfərə aparan son səfərimizdəki mövqeyimiz Xocavənd rayonu Böyük Tağlar kəndinin önündə yerləşmiş üzümlük sahəsi oldu. Burada möhkəmlənib divizyonumuz müxtəlif istiqamətlərdə düşmən mövqelərinə sərrast zərbələr endirirdi. Növbəti düşmən atəşlərindən arxamızdakı meşəlik yanmağa başladı. Halbuki, cavab atəşləri demək olar ki, düşmən tərəfini susdurmuşdu.
7 noyabr axşam saatlarında rəhbərlik Artileriya Komandanının bölmələrimizin Şuşa şəhərinə daxil olduğunu və orada təmizləmə işləri aparılması münasibəti ilə bütün zabit və əsgər heyətini təbrik etdi. Səhərisi gün radio ilə Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin Şuşa şəhərinin azad edildiyi müjdəsini böyük fəxarətlə dinlədik. Bu Azərbaycan xalqının şanlı qələbəsi idi. Növbəti günlərdə isə cənab prezidentin artıq müharibənin bitdiyi, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi xəbərinin şahidi olduq. Axşam saatlarında eşitdiyimiz bu xəbər bütün bölmələr tərəfindən böyük coşquyla qəbul edilib səhərə qədər sevinib, şənləndik. Axı biz qalib gəlmişdik! Artıq biz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan Respublikasının vətəndaşları kimi qürur hissi duya bilərdik.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent, Vətən müharibəsi iştirakçısı, baş leytenant Radif Heybət oğlu Mustafayev

"Elm" qəzeti