25.10.2021, 10:32 - Baxış sayı: 419

Fəlsəfə və Sosiologiya İnstitutunun “Nizami ilinə” töhfəsi


“Nizami Gəncəvinin dünyagörüşündə mənəvi və sosial dəyərlər” kitabı haqqında

Müasir qloballaşma şəraitində ictimai-mədəni həyatda “Nizami Gəncəvinin dünya görüşündə mənəvi və sosial dəyərlər” adlı f.ü.f.d. Elmira Təhməzovanın müəllifi olduğu kitab Azərbaycan ədəbiyyatı və fəlsəfəsində zəngin irs qoymuş Nizami Gəncəvinin dünyaya baxışı və ideyalarının fəlsəfi-nəzəri baxımdan araşdırılaraq öyrənilməsini qarşıya məqsəd olaraq qoyur. Nizami Gəncəvinin yaradıcılığı yalnız Azərbaycan və Şərq dünyası üçün deyil, ümumdünya mədəni-fəlsəfi irsi baxımından da böyük əhəmiyyət kəsb edir. Nizaminin özündən sonra irs qoyduğu ədəbi-fəlsəfi məktəb uzun müddət ərzində Orta Şərq ölkələrində mədəni-fəlsəfi düşüncəyə təsir etmişdi. 1991-ci il UNESCO tərəfindən Nizami Gəncəvinin 850 illik yubileyi münasibəti ilə “Nizami ili” elan edilmişdir. Böyük mütəfəkkirin milli və bəşəri irsdə rolu nəzərə alınaraq 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə “Nizam Gəncəvi İli” elan edilmişdir. Bu isə kitabın önəmini daha da artırır, xüsusilə, Nizami Gəncəvi yaradıcılığında mənəvi və sosial dəyərlər aspektindən yanaşılması mütəfəkkirin fikirlərinin ictimai həyatda təsirlərini anlamağa imkan verir.
Fəlsəfə və Sosiologiya İnstitutunun  “Nizami ilinə” töhfəsiKitabda Nizami Gəncəvinin sosial ədalət, hüquqi dövlət, vətəndaş cəmiyyəti haqqında fikirlərinə istinad edilərək bu problemlərin müasir qlobal inteqrasiya şəraitində də aktual olduğunu, qeyd olunan məsələlərdə Nizami fəlsəfəsinə müraciətin milli özünüdərk və milli dövlət quruculuğunda önəmini irəli sürür.
Nizami Gəncəvi yaradıcılığında digər önəmli məsələ 12-ci əsrdə yaşamasına baxmayaraq onun ideyalarında tolerantlıq və multikulturalizm ideyalarının tərənnüm olunmasıdır. Elmira Təhməzova kitabda bu mövzuya islam təfəkküründə tolerantlıq prizmasından yanaşır. Həmçinin, dahi şair və mütəfəkkirin ideyalarının təbliğinin də milli mədəni dəyərlərin beynəlxalq səviyyədə təbliğinin sülh mədəniyyətinin inkişafında roluna toxunulur.
İki fəsil, beş yarımfəsildən ibarət olan kitabın birinci fəsli Nizami Gəncəvinin yaradıcılığında sosiomədəni dəyərlər və ideal cəmiyyət problemlərinin geniş şərhinə həsr olunub. Burada XI-XII əsrdə Azərbaycanda olan sosial-mədəni mühitə fəlsəfi nəzər salınaraq, “Nizami Gəncəvinin dünyagörüşündə kamil insan, elm və əxlaq məsələlərini” dünyagörüşündə kamil insan problemini, elm, təlim-tərbiyə məsələlərinin əxlaqi görüşlər kontekstində təhlilinə gətirilibdir. Əsərə nəzər saldıqda Böyük Nizami təfəkküründə iki əsas məsələnin fərqləndirildiyini görmək olur: ideal cəmiyyət və kamil insan məsələsi. Bu məsələlər məhz günümüzün bu günkü reallıqlarında da aktualdır.
Əsərdə müəllif ilk növbədə Nizami yaradıcılığını qiymətləndirmək üçün yaşadığı dövrün ictimai-siyasi şəraitinə baxış prizmasından yanaşır. Bu, orta əsrlər Azərbaycanında, eləcə də Orta Şərqdə olan fəlsəfi düşüncəni öyrənməklə Nizamiyə qədərki və ondan sonrakı fikir tarixində baxışları müqayisə etməyə imkan yaradır.
Əsər XI əsrdə Yaxın və Orta Şərqdə olan siyasi dəyişikliklərin reallıqlarını diqqətə yetirir və islam sivilizasiyasında olan ciddi dəyişikliklərə nəzər salır. Bəhs olunan dövrdə, Ərəb imperiyasının zəifləməsi, Böyük Səlcuqlar imperiyasının təsirinin geosiyasi ərazicə genişlənməsi və etnik-siyasi həyat tərzində türk mədəniyyətinin rolunun artmasının Nizami yaradıcılığında təsirləri nəzərə yetirilir. Əsərdə “Nizami Gəncəvi dünyagörüşündə dəyərlər, ideal cəmiyyət, sosial ədalət prinsipləri” onun “İskəndərnamə” və “Xosrov və Şirin” əsərlərinə müraciət edilməklə, ənənəvi monarxiyaya qarşı tənqidi fikirləri çərçivəsində, sosial dövlət haqqında, şəxsiyyətin azadlığı ideyaları, hakimiyyət və cəmiyyət münasibətlərində ədalətin təmini məsələləri kontektsindən yanaşılır.
Nizami Gəncəvi yaradıcılığında həmçinin, islam fəlsəfəsindən fərqli olaraq, türk ənənələri, “Kitabi-Dədə Qorqud” dastanı əsasında müasir anlamda desək, gender meyarları mətnində qadının cəmiyyətdə rolu məsələsinə toxunulmuşdur. Nizami Gəncəvi əsərlərində ana, zəhmətkeş qadın, hökmdar qadın və s. obrazları da diqqətçəkəndir. Müəllif Elmira Təhməzova Nizami Gəncəvi dünyagörüşündə kamil insan problemindən bəhs edərkən, ideal dövlət, ideal hökmdar, ideal idarəetmə, ideal sosiallıq mətnində ideal cəmiyyət məsələlərini də işıqlandırır. Nizami yaradıcılığında Şərq fəlsəfəsinə uyğun olaraq insana metafizik cəhətdən yanaşmanın mahiyyəti, insan və cəmiyyət münasibətləri “Xəmsəyə” müraciət edilməklə ətraflı nəzərə çatdırılaraq, təhlilə gətirilir.
Əsərdə Nizami Gəncəvinin elm, təlim və tərbiyə haqqında fikirlərinə də yer verilərək, kamil insanın dünyagörüşü, fəlsəfi və elmi biliklərə yiyələnməsi barədə məsələlər də öz əksini tapır.
Əsərin bir özəlliyi də Nizaminin əsərləri ilə yanaşı, onun əsərlərinin tədqiqi sahəsində olan elmi ədəbiyyata da müraicət olunmaqla, dünəndən bu günə, ta qədimdən günümüzə bir müqayisəli baxış sərgilənir.
Müəllif Nizam Gəncəvinin əxlaqi görüşlərini mütəfəkkirin zəngin əsərlərinə xitabən əxlaq fenomeni mətnində təhlil edir. Əxlaq anlayışının insanın mənəvi yüksəlişindəki rolu, eləcə də hər bir insanın digərləri ilə münasibətində insan-cəmiyyət münasibətlərində qarşılıqlara onun önəmini fəlsəfi yanaşma aspektindən irəli qoyur. Əxlaq haqqında fikirlərində məhz Nizaminin islam fəlsəfəsinə və islam əxlaqına müraciəti də diqqətə yetirilərək, böyük dahinin özünün tolerantlığı göstərilir.
Ümumilikdə qeyd etmək olar ki, bu əsər Elmira Təhməzova Nizami Gəncəvinin insan cəmiyyət, fərd-dövlət, insan-hökmdar münasibətlərində sosial-mənəvi dəyərləri şərq və türk dünyası ilə paralel müqayisə edərək təhlilə gətirmişdir.
Sonda qeyd edim ki, müəllif f.ü.f.d. Elmira Təhməzova ilə uzun illər bir şöbədə əməkdaş olmuşuq, onu bir zəhmətkeş tədqiqatçı, ziyalı qadın, mədəni-tolerant bir kamil insan kimi qiymətləndirirəm. Məhz müəllifin bu daxili keyfiyyətləri də əsər boyu təhlil etdiyi fikirlərdə də görünür.
Yekunda, əsər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun da Böyük “Nizami ili”nə bir töhfəsidir.

Professor Rəna Mirzəzadə