04.10.2021, 11:20

Nizami Gəncəvinin ideya irsində aforizmlər, müdrik sözlərə fəlsəfi baxış


Əli İmanqulu oğlu İbrahimov
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Xülasə
Müəllif “N.Gəncəvinin ideya irsində aforizmlər, müdrik sözlərə fəlsəfi baxış” məqaləsində Nizamiyə məxsus ürəkləri oxşayan, insanları elmə, maarifə, vətənpərvərliyə, əməksevərliyə səsləyən, ailə, nikah və tərbiyə, insanın mənəvi və fiziki kamilliyi, insanın mənfi və müsbət cəhətləri haqqında ibrət, əxlaq güzgüsünü bir daha gözümüzün önündə canlandırmaqla bunlara fəlsəfi baxış sərgiləmiş, insanlığa, humanizmə xidmət ideyalarını əsas kimi götürmüşdür. Burada həmçinin kamillik və nadanlığın, elmlə mərifətin bir-birinə bağlı, əks cəhətlərinin elmi şərhi verilmişdir.
Açar sözlər: bilik, kamal, saflıq, arif, zəhmət, mərdlik, yaxşılıq, insaf, ümidsiz
Giriş. İlyas Yusif oğlu Nizami Gəncəvi (1141-1209) Azərbaycanın dahi şairi və mütəfəkkiridir. Gəncədə sənətkar ailəsində doğulduğu, buradakı mədrəsələrdə təhsil aldığı, şəxsi mütaliəsi sayəsində orta əsr elmlərini, ana dilindən başqa ərəb və fars dillərini mükəmməl öyrəndiyi, həmçinin yunan dili ilə tanış olduğu, qədim yunan tarix və fəlsəfəsini, hind fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi onun əsərlərindən məlum olur.
N.Gəncəvi dünya ədəbiyyatı tarixində məsnəvi formasında yazdığı beş poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi şöhrət tapmışdır. Bədii əsərlərində irəli sürülən fəlsəfi fikirlər göstərir ki, o, dünyanın Allah tərəfindən yaradıldığını qəbul etsə də ortodoksal (məsləkində sabit və ardıcıl) dini görüşlərlə barışmamış, ontologiya (varlıq) və qneseologiya (idrak) məsələlərinə düzgün elmi cavab verməyə çalışmışdır. Bu cəhətdən onun fəlsəfi görüşləri ziddiyyətli təkamül yolu keçməsi faktları ilə zəngindir. Nizami Allahla təbiəti birləşdirən ponteizmə, bəzən Allahı təbiətin canlı ruhu kimi başa düşən hilozoizmə, bəzən də “eşitmişəm ki, hər ulduz bir dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır”, - deyə dünyanın çoxluğunu və sonsuzluğunu qəbul edən materialist baxışa meyl göstərmişdir [2. s.312]. Böyük mütəfəkkir coğrafi və təbii amillərin yer səthinin dəyişməsində rolundan, xüsusən zəlzələnin, suyun, küləyin təsirindən danışmışdır. Nizami yuxugörməni ruhun ölməzliyinə sübut kimi qələmə verənlərə, axirət dünyası barədə ehkamlara əks çıxaraq onları təkzib və əfsanə hesab edir.
“Ölmüş insanın suya qərq olmuş közə bənzədiyini, közün suda alışması mümkün olmadığı kimi, öləndən sonra da insanın heç bir gələcək, axirət həyatının ola bilməzliyi” barədə idrakı baxışlarında skeptisizm (gerçəkliyin dərki imkanını şübhə altına alan fəlsəfi konsepsiya) və aqnostisizmin (dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim) təsiri duyulsa da o, əsasən rasionalist olmuş, maddi olan bütöv varlığın dərk edilməsi mümkünlüyünü qəbul etmiş, ağlın, fikrin, elmin qüdrətinə inanmışdır.
Nizami Gəncəvi humanizmi, ədalət və ədalətsizlik meyarı, əmin-amanlıq, sülh, bəşəriyyətin harmonik inkişaf təmayülü üzərində özünə yer almış ağıllı məsləhətlər, didaktik düşüncələr yolu ilə cəmiyyəti idarə edən hökmdarlara təsir etmək, əsil gerçək həyat uğrunda bu humanizmin hər zaman hər yerdə təbliğ olunmasına üstünlük vermək əzmini yaşatmış və yaşatmaqdadır.
XII əsr kimi bir tarixi dövrdə yaşamış, görkəmli sənət ustalarının, ictimai-siyasi və elm xadimlərinin bəşəri məna kəsb edən müdrik kəlamlarından, başlıcası “Qurani-Kərim” kimi qudsal kitabların hikmətli, həkimanə sözlərindən, bəşər aforizminin incəliklərindən məharətlə istifadə edərək bundan bəhrələnmiş dahi Nizami, yaşadığı cəmiyyətin və özündən sonrakı nəsillərin bəşəri əxlaq ruhunda tərbiyə edilməsində, dünyagörüşlərinin formalaşmasında və mənəvi cəhətdən kamilləşməsində aforizmlərin, müdrik kəlamların nə qədər böyük əhəmiyyət kəsb etdiyini anlamış, əsərlərində bunun isbatına çalışmışdır. Elm və maarif, bilik, kitabla bağlı mütəfəkkirin müdrik kəlamlarına nəzər saldıqda elm, alimin rütbəsinin nə ilə ölçüldüyünün bir daha şahidi oluruq:
1. Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir
2. Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz
3. Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
4. Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır, yarımçıq papaqçılıqdan
5.Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz [6. səh. 17]
Nizaminin fəlsəfi dualizmi ilə ictimai nəzəriyyəsi arasında çox yaxın və üzvü bir əlaqə vardır. Nizami ictimai həyatın inkişafında mütərəqqi təlim və tərbiyənin roluna mühüm amil kimi baxır, ona geniş yer verirdi. O təlim-tərbiyəni cəmiyyətin inkişafında böyük əhəmiyyəti olan vasitələrdən biri hesab edirdi. Ona görə də vətənpərvər, bacarıqlı və əxlaqlı insan tərbiyə etməyi cəmiyyətin əsas vəzifələrindən sayılırdı. Çünki cəmiyyətin səadəti insanın səadəti, insanın kamilliyindən, onun xalqa düzgün münasibətindən çox asılıdır.
Səadət kamalla yetişər başa,
Xalqa hörmət elə, ədəblə yaşa.[6. s. 34]
Böyük mütəfəkkirin fikrincə yaxşı təlim tərbiyə almış adam sağlam və tərəqqipərvər - ideyalara tərəfdar olmaqla həyatda yaxşı adət edər, qarşıya çıxan bütün çətinliklərin öhdəsindən asanlıqla gələr.
Başqa bir aforizmli misraları ilə Nizaminin çox gizli də olsa hikmət dünyası, fəziləti, tamamən aydınlaşır. “Xosrov və Şirin”də Hörmüz mütləq ədalətli bir hökmdar deyil ki, inanasan öləndən sonra taxtında oturacaq varisi özü kimi hər bir qayda-qanunu müqəddəs biləcək, onun cəmiyyətdə tətbiqinə ədalətli yanaşacaq. Hörmüzün oğlu Xosrovun Fərhadın bütün şərtlərdən qalib çıxıb Şirinin eşqindən əl çəkməyəcəyini yəqin edib, xəyanətə, hiyləyə əl atması, Şirinin yalandan ölüm xəbəri ilə onu sarsıtmasında da namərdlik, ədalətsizlik görürük. Fərhad isə öz saf eşqinin uğursuzluğundan bir məğrurluq tapır, mənəvi yüksəliş, kamillik qazanır.
Fərhadın da “Leyli və Məcnun”dakı Qeys kimi “insanlardan qaçması məsələsinə gəlincə, demək olar ki bu, ümumiyyətlə cəmiyyətdən narazılığın mübaliğəli şəkildə bir ifadəsi sayılmalıdır. Lakin Fərhad kimi gənclər yaxşı adamlardan, onları anlayan, dərdlərinə çarə tapan, xeyirxah insanlardan qaçmırlar, əksinə bu adamlardan məsləhət alıb faydalanmaq, hidayət yoluna baş əymək əzmində olurlar. Fəqət bəzən qara qüvvələr onları bu bacarıqdan istifadə etməyə qoymurlar. Xislətində ali insani keyfiyyətlər yaşadan insanlarla bu keyfiyyətlərdən kənar xudbin niyyətlilər cəmiyyətin bütün inkişaf dövrlərində qarşılıqlı, bəzən açıq, bəzən də gizli şəkildə mübarizə aparmışlar. Bu mübarizədə hakimiyyətdən, vəzifədən sui-istifadə edənlər şübhəsiz ki, ədalətsizliyə, bərabərsizliyə daha çox yol vermiş, əllərində olan ixtiyardan, zordan öz şəxsi planlarını reallaşdırmaq naminə istifadə etmişlər. Nəticədə ən güclü zərbələr, ən böyük ziyan Nizaminin spesifik bir üslubda ifadə etdiyi aforizmdə işarə olunan “yoxsula”, “kasıba”, “imkansıza” dəyməli olur:
Yüz qoyun görsə də yenə canavar,
Sürüdən yoxsulun payını çalar . [7. s. 53]
Nizami əmək, işgüzarlıq, əmək adamları və yeri gəldikcə tənbəllik haqqında söylədiyi aforizmlərdə müasir dövrümüz üçün də çox aktuallıq kəsb edən dərin mətləblərdən insanı agah edir, onu dərin düşüncələrə səsləyir:
1. Həyatın cövhəri yalnız əməkdir
Zəhmətsiz bir insan nəyə gərəkdir
2. Bacar hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər
3. Əlimi əməyə ona görə uzadıram ki, sənə əl uzatmayım.
4. Quruda, dənizdə kim çəksə zəhmət,
Balıqdan dürr alar, öküzdən sərvət
5. Zəhmətlə açarsan bağlı tilsimi,
Açdın xəznə çıxar, aydın gül kimi
6. Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.
7. Qardaş, əncir satasın bir adam üçün,
Əncir satmaqdır hər şeydən üstün
Hər kəs sənətindən yapışsa əgər,
Dünyada nə əksə, onu da biçər.[6.s. 94]
Öz qabaqcıl mütərəqqi ideyaları ilə dövrünün sosial – fəlsəfi təfəkkür normalarının fövqündə dayanan Nizami bu dərəcəyə, bu mərtəbəyə özünün təvazökarlığı, dövlət və sərvətə, etinasızlığı, xalq kütlələrinə yaxınlığı sayəsində çata bilmişdir. Böyük mütəfəkkirin şəxsi həyatını öyrənərək, onun, əsərlərində təbliğ etdiyi fikirlərlə müqayisə etdikdə şairin sözü ilə işi arasında heç bir ziddiyyətin olmadığını, əksinə sözü ilə işinin vəhdətdə olduğunu görürük. Nizami arpa çörəyinə qane olub yoxsul, lakin azad yolu seçmişdi. Nizaminin proobrazını biz “Sirlər xəzinəsi”nin beşinci söhbətində təsvir olunan kərpickəsən qocanın surətində görürük. Bu qoca yoxsuldur. Səhərdən axşamadək yandırıcı günəşin altında kərpic kəsib ağır zəhmət müqabilində bir parça çörək əldə edən bu məğrur və namuslu qoca, Nizaminin nəzərində ən yüksək mənəviyyata malik olan bir insandır. Onun zəhməti çox ağır, güzəranı çox çətin olsa da həyatından, işindən çox razıdır. Onu məzəmmət edən sadəlövh bir gəncin cavabını yuxarıda göstərdiyim 3-cü aforizmdən aydın olur:
...Onunçun öyrətdim ki, əlimi bu sənətə
Bir gün sənə əl açıb, düşməyim xəcalətə [1. s. 126]
Vətənpərvərlik, azadlıq, mərdlik, qorxaqlıq və dostluq haqqında Nizaminin işlətdiyi aforizmlər düzgün müşahidədən doğan, müasirlik gücünə malik olub dövrünün və bu günün aktual məsələləri ilə səsləşən, bir an olsun belə öz əhəmiyyətini itirməyən, yığcamlığı, lakonikliyi, dərin mənası, təsiri və oxunaqlığı ilə insan qəlbinə asanlıqla yol tapan müdrik kəlamlar olaraq oxucular, xüsusən gənclərimiz üçün etibarlı dost, nəsihətçi, məsləhətçi və ağıl mücrüsü rolunu oynayır. Təsadüfi deyildir ki, böyük yazıçı Maksim Qorki demişdir: “Mən məsəllərdən, daha doğrusu aforizmlərlə düşünməkdən çox öyrənmişəm.”[6.s.5] Gəlin sadaladığımız aşağıdakı aforizmlərə bir nəzər salaq:
1. Acizlik ürəyi ağrıdır, bilsən.
Bir alçaqlıq olar hər zülmə dözsən. [8. s. 64]
2. İt sənə dost olar bir sümük atsan,
Namərd qədir bilməz qurban da olsan.
3. Qorxaqlıq şəxsiyyətin ən qəddar düşmənidir.
4. Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan [8. s. 77]
5. Çox gözəl olsa da eybi gizlətmək,
Dost dostun eybini örtməsin gərək.
6. Ağıllı adamla dost olsan əgər,
Elmi mərifəti sənə də keçər.
7. Bir olsa yoldaşın, dostun əməli
Daşdan su çıxarar onların əli
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdə doğar [6. s. 85]
Nizami zülmə, haqsızlığa boyun əyməyi acizlik sayır, o, ürəklərində zülmə qarşı etiraz səslərini boğmağa çalışanları, “ölü siçan” kimi suyun axını ilə axmağı” xoşlayanları insanlıq şərəfini ləkələyən alçaqlıq hesab edirdi. O həmin acizlikdən alçaqlığı qəbul edənlərə “aslan ürəkli” cəsur və mərd olmağı tövsiyə edirdi.
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük olusan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqda tut!
Acizlik ürəyi ağrıdır bilsən
Bir alçaqlıq olar hər zülmə dözsən [7. s. 58]
Nizami ağıllı, tədbirli insanlarla dost olmağı yüksək qiymətləndirir, çətin anlarda ağıllılardan, mərifətlilərdən öyrənilən ən yaxşı cəhətlər kara gəlir, işə yarayır, həqiqi dostluğun nəticədə böyük faydalarından insan bəhrələnir. Nizaminin Məcnun obrazı yaşadığı cəmiyyətdə eşqin cazibəsini duymayanların, anlamazların əhatəsində olduğu üçün rahatlığı təbiətin qoynunda tapır, onun vəhşilərlə dil tapıb onlarla dostluğu poemanın ən maraqlı epizodlarındandı. Nizami poemada bir zalım hökmdarın timsalında zülmə, haqsızlığa qarşı kəskin etiraz səsini ucaltması ilə özünün sosial demokratik ideyalarına əsaslanır. Zalım bir hökmdarın günahsız insanların qanını axıtması üçün əl atdığı vəhşi əməl ifşa edilir. Şahın xoşuna gəlməyən günahsız adamları sarayında saxladığı köpəklərə yem etməsini görən bir gənc başa düşür ki, bir vaxt gələcək özü də həmin köpəklərin qurbanı ola bilər. Bunun üçün gənc özünü bu vəhşi köpəklərə dost kimi göstərərək hər gün onlara qoyun cəmdəyi atır. Beləliklə, itlərlə dost olmağa başlayır. Təhlükəli məqam yetişəndə itlər gəncə toxunmayıb quyruq bulamağa başlayırlar. Öz hərəkətindən peşman olan hökmdar gəncin aqibəti ilə maraqlanır. Ona xəbər çatdırırlar ki, itlər gəncə toxunmayıblar, o sağ-salamatdır. Şahın heyrətini başa düşən gənc məsələni belə izah edir: “On il sənin üçün işlədim, aldığım mükafat bu oldu. Köpəklər isə mərhəməti, səxavəti yaxşı başa düşdükləri üçün mənə toxunmadılar. Onlar dostluğu səndən yaxşı qiymətləndirdilər.
İt sənə dost olar bir sümük atsan
Namərd qədir bilməz olsan da qurban [5.s.163]
Dövrün haqsızlığına, zalım hökmdarların özbaşınalığına qarşı didaktik məna kəsb edən bu epizod da “Sirlər Xəzinəsi”ndə haqsızlıqları ədalətsizlikləri əks etdirən ibrət güzgülərinin sanki davamıdır.
Nəticə. Beləliklə insan qəlbini ovsunlayan Nizaminin ideya irsindəki, yüksək mənəvi-əxlaqi dünyası onun təbiət və cəmiyyət hadisələrinin düzgün dərk edilməsi ilə müstəsna əhəmiyyət kəsb edən hikmətli sözlər və aforizmləri sərhədləri keçərək bəşər dəyərlərinə qovuşur. Bu dəyərlərin sintezi Nizami irsinin, Nizami sənətinin nəhəngliyini, bənzərsizliyini özündə ehtiva edərək onu daha da zənginləşdirmiş və zənginləşdirməkdədir. Akademik İsa Həbibbəylinin təbirincə desək “Nizami irsinin tədqiqi ilə az qala bütün dünya məşğuldur. Nizamişünaslıq dünya Şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Dahi sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng bir kitabxana yaratmaq mümkündür. Bununla belə, hansı dildə yazıb-yaratmasından, hansı ölkədə öyrənilib-oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir. Azərbaycan xalqı ölməz sənətkarı ilə haqlı olaraq fəxr edir. [4. s.15]
Ədəbiyyat

1. Azərbaycan ədəbiyyatı tarixi, üç cildlik, 1 cild, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı- 1960.
2. Fəlsəfə Ensiklopedik lüğəti, Müəllif kollektivi “Azərbaycan Ensiklopediyası”, Nəşriyyat Poliqrafiya Birliyi. Bakı-1997, 520 səhifə
3. Vaqif Arzumanlı. Nizami Gəncəvinin dünya şöhrəti Monoqrafiya “Elm”, “Azərbaycan Ensiklopediyası” NPB, Bakı, 1997, 184 səh.
4. İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri, 10 cilddə II cild. “Elm və təhsil”, Bakı – 2017
5. Əli İmanqulu oğlu İbrahimov. Azərbaycan ictimai-siyasi fikrində ədalətli hökmdar problemi (N.Gəncəvinin ideya irsinin materialları əsasında), Bakı. “Təknur” MMC 2010
6. İpə-sapa düzülməmiş incilər. Tərtibçi B.Çərkəzov, Bakı, Azərnəşr 1981, 244 s.
7. Nizami Gəncəvi: “Xosrov və Şirin”, Azərnəşr”, Bakı, 1947
Philosophical revieu of issul of aphorism and of wise words in the ideological heritage of Nizami Qendjevi.
Summary
The article “Philosophical revieu of issul of aphorism and vise words in the ideological heritage” of Nizami Qendjevi by Ali İbrahimov was developed in connection with the aphorism apel of wise words in poems of Nizami. The author explain looks poet to appeal science`s, education, patriotism and diligence and also consider disclosure despotizm, injustice and propogandize humanity and humaneness.
Key words: erudition, mind, wisdom, work, profession, spirit, kindness, concience.
Философские рассмотрение к вопросам афоризма и мудрых слов в идейном наследии Низами Генджеви.

Резюме

Философские рассмотрение к вопросам афоризм и мудрых слов в идейном наследии Низами Генджеви.
Статья «Философские рассмотрение к вопросам афоризм и мудрых слов в идейном наследии Низами Генджевы» разработана автором в основном в связи с афоризмами и мудрыми словами Низами Генджеви. Автор в этом направлении осветил взгляды мыслителя к призыву науков, образования, натриотизма, трудолюбия и взял за основу взгляды Низами с разоблачением деспотизма, несправедливости и с пропагандой человечества и гуманизма.
Ключевые слова: Знание, ум, прозрачность, мудрый, труд, профессия, мужество, добро, ненадежный, совесть