13.09.2021, 15:05 - Baxış sayı: 453

İnkişafda olan Akademiya


Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli tarixi yolu” adlı kitabı haqqında

Azərbaycan Milli Elmlər Akademiyası tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın tərəqqisi yolunda mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var.
Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu, xidmətləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin aşağıdakı sözlərində dolğun şəkildə ifadə edilib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarixi yolu” adlı kitabı elm tariximizin öyrənilməsinə və gələcək nəslə çatdırılmasına böyük töhfədir.
Azərbaycan elminə hər zaman həssaslıqla və böyük ehtiramla yanaşan Ulu öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etdirilməsinə həmişə dövlət səviyyəsində qayğı göstərmişdir. Xalqına dərindən bağlı olan, həyatını Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlamış, onun dünya miqyasında tanınmasına nail olmuşdur.
Müəllif Azərbaycan Milli Elmlər Akademiyasına dair mövcud ədəbiyyatı diqqətlə izləyib və müvafiq mənbələrdən səmərəli istifadə etmişdir. Onun qənaətləri məntiqli, əhatəli olaraq, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları məqsədyönlü elm siyasətinin işığında lazımi səviyyədə əsaslandırılır.
Kitabda Azərbaycan elminə ümumi baxış təqdim edilərkən onun köklərinin minilliklərin dərinliklərindən təzahür edildiyi qeyd edilir. Mezolit və Neolotin tədqiqi Azərbaycanda elmi biliklərin meydana gəlmə mənbələrini dəqiq öyrənməyə imkan verir. Azərbaycanda ali təhsilin bünövrəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul olunmuş qərar əsasında 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması xüsusi mərhələ kimi qiymətləndirilir. Azərbaycanda universitet təhsilinin təməlinin qoyulması ilə milli şüurun, müstəqil dövlətçilik təfəkkürünün gücləndilirməsinə öz təsirini göstərmişdir.
Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək baxımından bir çox faydalı addımlar atmaqla gələcək Akademiya üçün müəyyən zəmin hazırlamışdır.
Müəllifin gəldiyi qənaətlərdən biri ondan ibarətdir ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrilmişdir. İqtisadi kapitalı insan kapitalına çevirək şüarını irəli sürən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, ölkəmiz bölgənin elm mərkəzinə çevrilməlidir. Bu, AMEA-da, ölkəmizin bütün elmi-tədqiqat müəssisələrində çalışan alimlər və təhsil işçiləri üçün böyük bir çağırışdır.
Araşdırmada elmi-nəzəri aspektlərlə konkret faktların nisbəti məsələsi diqqətdə saxlanılıb. Bu kitabın elmi yeniliyi ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri milli siyasi strategiyanın xüsusiyyətləri kompleks tədqiqatın obyekti olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası XXI əsrin mühüm elmi problemlərini yerinə yetirməyə səy göstərən və ölkəmizdə müstəqil dövlətimizin elm siyasətini uğurla həyata keçirən elmi qurum olaraq tarixi yolunu uğurla davam etdirir.

Akademik İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru