26.08.2021, 12:15 - Baxış sayı: 352

İnsanlarımızın ləyaqətli şəkildə öz torpaqlarına qayıtması üçün bütün zəruri addımlar atılır


İnsanlarımızın ləyaqətli şəkildə öz torpaqlarına qayıtması üçün bütün zəruri addımlar atılırAzərbaycanda artıq Dağlıq Qarabağ münaqişəsi adlı bir problem yoxdur və olubsa, tarixdə qalıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib. Dövlət başçısı özünün ayrı-ayrı müsahibə və çıxışla­rında dönə-dönə deyib ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmayıb, danışıqlar nəticə verməyib, məsələnin dondurulması prosesi ge­dib, Azərbaycan xalqının ümidləri tam tükənib və bu vəziyyətlə barışa bilməyərək, münaqişəni öz gücü ilə həll etməyə qərar verib. Problem BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi və beynəlxalq hüquq normaları əsasında nizam­lanıb, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Av­qustun 14-də Türkiyənin “CNN-Türk” telekanalına müsahibə verən Prezident İlham Əliyev bu məsələ ilə bağlı özünün prinsipial mövqeyini bir daha ortaya qoyub.
Bu barədə fikirlərini bölüşən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirdi:
– Azərbaycan lideri müsahibəsində həm Ermənistana, həm də onun ha­vadarlarına lazımi mesajlarını çat­dırdı. Eyni zamanda, bir daha dünya ictimaiyyətinə xatırlatdı ki, İkinci Qara­bağ müharibəsi Azərbaycanın günahı üzündən deyil, Ermənistanın ardı-arası kəsilməyən təxribatları, danışıqları poz­mağa davamlı cəhdləri səbəbindən baş verib. Hər dəfə danışıqlar prosesində bir az tərəqqi olan kimi Ermənistan dərhal hərbi təxribat törədib, Azərbaycana, eləcə də mülki əhalimizə hücum edib. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında isə açıq hərbi təcavüz baş verib. İyul ayında mülki əhalimizin və hərbçilərimizin artilleriya atəşinə tutulması nəticəsində itkilərimiz olub. Avqust ayında isə erməni təxribat qrupu Azərbaycana göndərilib, bu­rada terror aktları törətməyə cəhd edilib. Sentyabr ayında yenə də bizim kəndlərimiz və hərbi mövqelərimiz atəşə tutulub. Mülki əhali və hərbçilər arasında itkilər olub. Təbii ki, buna son qoyulmalı idi və qoyuldu.
Prezident haqlı olaraq bəyan edib ki, İkinci Qarabağ savaşın­da Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğradılıb. Ordu­muz 44 gün ərzində hər gün irəli gedib. Ermənistan isə öz qaçılmaz məğlubiyyətini dərk edərək mül­ki əhalimizi, şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə atəşə tutub. Nəticədə 100-dən çox mülki şəxs, o cümlədən, qadınlar və uşaqlar həlak olublar. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimiz Ermənistan tərəfindən hər gün atəşə tutulub. Təkcə Tərtər şəhərinə 20 minə yaxın raket dü­şüb. Ancaq Azərbaycan Ordusu Qara­bağ bölgəsində – ermənilərin yaşadıq­ları yerlərdə heç bir dağıntı törətməyib. Bu, onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik.
Hazırda Azərbaycan üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözləyir. Prezident İlham Əliyevin sözlərinə görə, əsas gözlənti ondan ibarətdir ki, Rusiya Ermənistanı silahlandırmasın. Bu, Azərbaycanı, təbii ki, narahat edir. Çünki müharibə başa çatıb. Erməni xalqı da, erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərib.
Dövlətimizin başçısı bəyan edib ki, Rusiyanın Ermənistana nə qədər silah verməsindən asılı olmayaraq, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz silahlar verib. Amma onların bir qismi bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir. Bir qismi də Ermənistan ordusu ilə birgə tamamilə darmadağın edilib. Azərbaycan isə öz ordusu üçün nə qədər lazımdırsa, vəsait ayırır, silah­lar alır.
Bununla yanaşı, azad edilmiş torpaq­larda – Qarabağda və Şərqi Zəngəzurda hazırda həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir. Orada böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları – icra edilir. Bütün bunlarla bərabər, ermənilərin dağıdıb viran qoyduğu şəhərlərimizin baş planları hazırlanır. Bəzi baş planlar artıq təsdiqlənib. Yəni, son nəticədə insanlarımız ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıdacaqlar.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”