30.06.2021, 10:11 - Baxış sayı: 335

“Bir əsgərin həyat yolu”


“Bir əsgərin həyat yolu”AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovanın bu adda kitabı 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizə ithaf olunur
Hər yeni nəşr bir mənbə, təbliğat vasitəsidir. Əbəs yerə deyilmir ki, kitab insanların ən yaxın dostudur. Özümüzü dərk edəndən kitablarla həmsöhbət olur, yeni qəhrəmanları öyrənir, bir sözlə, daim axtarışda oluruq. Bu gün haqqında bəhs edəcəyimiz, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə ithaf olunan, xatirələrlə zəngin 120 səhifəlik «Bir əsgərin həyat yolu» kitabının ruhu tamamilə fərqlidir. Müəllif, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovanın yeni nəşrin «Ön söz»ündə qeyd etdiyi kimi, kitabın ərsəyə gəlməsində atası, Naxçıvan MR Culfa rayonunun Qazançı kəndində anadan olmuş, Böyük Vətən müharibəsində (1941-1945) Qafqazdan Berlinə qədər qəhrəmanlıqlarla dolu döyüş yolu keçmiş mexanikləşdirilmiş qvardiya korpusunun cəsur, qorxmaz kəşfiyyatçısı, müharibədən sonra da əmək cəbhəsində Azərbaycanın inkişafı naminə var qüvvəsini əsirgəmədən çalışmış tanınmış ictimai xadim Rüstəmov Baloğlan Əmrah oğlunun vəsiyyəti əsas amil olub. Belə ki, bütün ailə üzvləri adətə uyğun olaraq bayram günlərində bir yerə yığılaraq sanki övladlar valideynləri qarşısında gördükləri işlərin hesabatını verdikləri zamanların birində Baloğlan müəllim qızı Afaq xanıma tapşırığını verir: «Qızım, arxivimi sənə verəcəyəm, biz həyatda olmayanda bunları qələmə alarsan…»
Afaq xanım “Ön söz”də bildirir ki, valideynləri dünyasını dəyişəndən sonra atasının qoyub getdiyi yazılara heç cür yaxınlaşa bilməyib. Yəni onların yoxluğu ilə barışmayıb. Elə düşünürmüş ki, o kağızlara toxunsa, artıq valideynlərini gerçəkdən itirəcək. Bu səbəbdən atasının tapşırığı uzun müddət yerinə yetirilməyib. Nəhayət, illər keçib, tariximizə Zəfərimizi yazan 2020-ci il Baloğlan müəllimin bu arzusunun gerçəkləşməsinə yol açıb. Afaq Rüstəmova bu məqamı da önə çəkir ki, Zəfər sevincimiz, eyni zamanda, dünyanı cənginə alan koronavirus infeksiyasından kiçik bacısı Şəhla xanımın xəstəlikdən dünyasını dəyişməsi onu sanki silkələyir. Beləcə, müəyyən araşdırmalardan sonra atasının vəsiyyətinə uyğun olaraq “Bir əsgərin həyat yolu” bu il işıq üzü görür.
Kitabın adına gəldikdə isə Afaq Rüstəmova qeyd edir ki, bu barədə çox düşünüb. Sonda belə qərara gəlib ki, atası həm müharibədə, həm də müharibədən qayıtdıqdan sonra bütün həyatını yorulmaz, fədakar, cəsur bir əsgər kimi yaşayıb. Bu baxımdan kitabın adının «Bir əsgərin həyat yolu» adlandırılması daha məqsədəuyğun olub.
Kitabda Baloğlan Rüstəmovun həyat yoldaşı, 45 il ömrünü müəllimlik sənətinə həsr edən, Azərbaycan dilinin incəliklərini öyrədən Əzra xanımın xatirələri yer alıb. Baloğlan müəllimin həyat yolunun qısa xronologiyasını xatirələrində qeyd edən Əzra xanımın “Mən xatirələrimə hələlik nöqtə qoyuram. Burada yazılanlar birgə həyatımızın cüzi bir hissəsidir. Geniş yazmalı olsam, yoldaşımın həyatı dastanlara sığmaz. Mən yalnız qəlbimə yaxın olan hadisələri qələmə aldım” fikirləri ilə “Bir əsgərin həyat yolu”nun nə qədər keşməkeşli, zəngin, xoş anlarla dolu, bir kitaba sığmayan dastan olduğunun aydın ifadəsidir. Məhz bu sevginin böyüklüyü Baloğlan müəllimin və Əzra xanımın həyatla vidalaşmalarının eyni vaxtlara təsadüf etməsində də özünü göstərir. 2007-ci ilin oktyabr ayında on günün ərzində dünyasını dəyişdiklərini qeyd edən Afaq Rüstəmova bildirir ki, onlar birlikdə uzun bir ömür sürmüşdülər və görünür, elə ona görə atam dünyasını dəyişdikdən sonra anam da onsuz yaşaya bilmədi.
Xatirələri özündə toplayan “Bir əsgərin həyat yolu”nda Baloğlan müəllimin həyatı haqqında özünün xatirələri, döyüş yolu və dinc quruculuq illərində gördüyü işlər barədə yazılmış çoxsaylı kitablar, saysız-hesabsız məqalələr, həmçinin Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə təltif olunduğu orden, medal və mükafatlar haqqında məlumatlar yer alıb.
Afaq Rüstəmova “Bir əsgərin həyat yolu”nu bu sözlərlə tamamlayır: “Atam tez-tez bu ifadəni dilə gətirərdi: “Yaxşı komandirin pis əsgəri ola bilməz”. Bu fikir ailəmizin timsalında da özünü doğruldur. Valideynlərimiz bu gün həyatda olmasalar da, onların bizə qoyub getdikləri ölçüyəgəlməz mənəvi-əxlaqi sərvət bizimlə yaşayır və yəqin ki, bizlərə doğru yol göstərmək üçün bundan sonra da yaşayacaq.”
Baloğlan Rüstəmovun döyüş rəşadəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında parlaq nümunə təşkil edir. Bu baxımdan geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Bir əsgərin həyat yolu”nu vərəqləməklə mənəvi dünyamıza yeni əlavələr edək.

Yeganə Əliyeva,

"İki sahil”