07.06.2021, 10:07 - Baxış sayı: 467

Dosent Zeynəddin Şabanov “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda məruzə ilə çıxış edib


Dosent Zeynəddin Şabanov “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda məruzə ilə çıxış edibBakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda elmi seminar keçirilmişdir. Təşkilatçılar seminara əsas məruzəçi kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanovu dəvət etmişdilər. Z.Şabanov öz məruzəsində dəyərlər, onların fəlsəfi mahiyyəti, filosofların dəyərlərə münasibəti, dəyərlərin növləri barəsində qısa məlumat verdikdən sonra, milli-mənəvi dəyərlər barəsində danışmışdır. Məruzəçi milli-mənəvi dəyərlərin xalqın, millətin inkişafındakı rolu, varislik prinsipi əsasında bir nəsildən digərinə ötürülməsi, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən söhbət açmışdır. Z.Şabanov Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən - Vətəni sevmək, vətənpərvərlik, torpağa-elə bağlılıq; şəhidləri unutmamaq, onların ruhuna hörmətlə yanaşmaq; əsgərlərimizin qəhrəmanlığının təbliği, azərbaycançılıq; dövlət atributlarına - bayrağa, himnə, gerbə hörmət etmək; qanunlara hörmətlə yanaşmaq; milli maraq və mənafenin şəxsi maraq və mənafedən üstün tutmaq; dilini və dinini sevmək və təbliğ etmək; həmrəylik, dialoqa gəlmək, güzəştə getmək; tariximizə hörmətlə yanaşmaq, tarixi şəxsiyyətlərimizi, xalq qəhrəmanlarını unutmamaq, onları təbliğ etmək; ailə dəyərləri, qadına hörmət və güzəşt; ziyalılara hörmət; böyüyə hörmət, kiçiyə qayğı, insana sayğı; ehtiyacı olan insanlara, əlillərə, yaşlılara, ahıllara qayğı göstərmək, onları himayə etmək, onlara yardımlar etmək; tolerantlıq, multikulturalizm və s. kimi dəyərlərimizi incələmişdir. Məruzəçi eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli-mənəvi dəyərlərin qorunması üçün yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun faydalı fəaliyyətinə işıq salmışdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.