27.10.2017, 14:23 - Baxış sayı: 1401

"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilib


"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilib“İdentiklik və multikulturalizm mövzusu müasir şəraitdə fəlsəfədə elmi, mənəvi və siyasi baxımdan xüsusi aktuallıq kəsb edir” - bu fikiri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə oktyabrın 27-də “İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
İlham Məmmədzadə Venesiya Kafoskari Universiteti ilə 2013-cü ildən əməkdaşlıq etdiklərini bildirib. Qeyd edilib ki, bir müddət öncə həmin universitetdə “Azərbaycan və İtaliya multikulturalizminin müqayisəsi” mövzusunda konfrans keçirilib və bugünkü tədbir onun məntiqi davamıdır.
Tədbirin mövzusunun elmi baxımdan aktuallığını qeyd edən alim Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunduğunu xatırladıb. İ.Məmmədzadə multikultural dəyərlərin Azərbaycanın dövlət siyasətinə çevrildiyini və bu istiqamətdə ölkəmizdə bir sıra beynəlxalq forumların keçirildiyini diqqətə çatdırıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova konfransın maraqlı problemə həsr olunduğunu bildirib. O deyib: “İdentiklik bütün ölkələrin problemidir. Bugünkü konfrans onu göstərir ki, Azərbaycan alimləri dünyada gedən proseslərdən kənarda qalmırlar. Konfransda məruzələr dinləniləcək, diskussiyalar aparılacaq. Alimlər onları maraqlandıran suallara cavab tapacaqlar”. Akademik vurğulayıb ki, Azərbaycanda yaşayan xalqların heç biri öz mədəniyyətini itirməyib, əksinə, inkişaf etdirib. Azərbaycan tarixən zor gücünə müxtəlif ideologiyalara cəlb edilib, lakin ölkəmiz müstəqillik qazandıqdan sonra milli kimlik amili yenidən gündəmə gəlib. N.Axundova identiklik və multikulturalizmin vəhdətinin artıq ölkəmizdə formalaşdığını, alimlərin bu istiqamətdə müəyyən araşdırmalar apardıqlarını söyləyib.
"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilibCəmiyyətin vahid məqsəd və prinsiplər ətrafında birləşməsinin önəminə toxunan N.Axundova konfransda müzakirə olunacaq məsələlərin bir çox suallara aydınlıq gətirəcəyini, nəticədə ölkəmizin mövzu ilə bağlı qlobal çağırışlara adekvat cavab verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, identiklik və multikulturalizm bir–birini tamamlayan iki hüquqi anlayışdır. O, multikultural dəyərlərin Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapdığını söyləyib. Qeyd edilib ki, konstitusiyanın 25-ci maddəsində irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.
İ.Vəliyev milli mənsubiyyətin qorunub saxlanmasının, ana dilindən istifadənin və digər təməl dəyərlərin də konstitusiyada yer aldığını, bunların multikulturalizmi əks etdirdiyini söyləyib.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari konfransın mövzusunun bu gün Avropada aktual olmadığını bildirib. Azərbaycanda multikulturalizm ideyalarının dövlət tərəfindən dəstəkləndiyini söyləyən A.Massari alimlərin bu prosesdə iştirakını yüksək dəyərləndirib. Fəlsəfə İnstitutu ilə Ka Foskari Universiteti arasındakı əməkdaşlığın əhəmiyyətindən danışan səfir deyib: “Ölkə səviyyəsində multikulturalizmlə bağlı konfransın keçirilməsi və alimlərin bu tədbirə cəlb olunmaları müsbət haldır”.
"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilibKonfransda fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə “Milli mədəniyyət və milli identiklik anlayışları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli “İranda azərbaycanlıların milli kimlik məsələləri: təmayüllü yanaşmalar və reallıqlar”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Böhran şəraitində identiklik anlayışları: XXI əsrin çağırışları fonunda”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu “Multikultural mühitin yaradılmasında riyazi modellərdən istifadənin əhəmiyyəti”, professor Aldo Ferrari “Tiflis - XIX əsrdə transqafqaz multikulturalizminin mərkəzi kimi", professor Ciampiero Belinceri “Multikultural atmosfer və monolingual (təkdilli) təəssürat: transqafqaz aşıqları və Azərbaycan dili”, professor Karlo Frappi “Kimlik və xarici siyasət arasında əlaqə: Azərbaycan multikulturalizmi”, professor Luis Tarka “Multikulturalizm, universalizm və inanc sonrası: Emanuel Severino və Taymon Panikkarın fəlsəfi dünyagörüşündə dialoq" mövzusunda məruzələrlə çıxış ediblər.